İsmayıllının İstisu kəndinin yol problemi – “Dəfələrlə müraciətlər etmişik ancaq heç bir tədbir görülməyib”backend

İsmayıllı rayonunun İstisu kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb. Kəndin yolunun yararsız olması sakinləri çətin vəziyyətə salıb.

Bu barədə “Yeni Gundem”-ə yerli sakinlər məlumat verib.

Onların sözlərinə görə, İstisu İsmayıllı rayonundan 27 km aralıda yerləşən 4 tərəfi dağ çay və meşələr olan səfalı kənddir.Azərbaycanın dilbər guşəsi olan İstisu kəndinin yolu yoxdur və indiyə kimi bu kəndə yol çəkilməyib.

Bəlkədə Azərbaycanda ikinci belə bir kənd yoxdur ki, yolu olmasın.Yol feodal dövründə daşdan salınıb deyə üzərində nəinki avtomobilllə hətda piyada yermək çox çətindir. Bu səbəbdən əhali çox əziyyət çəkir. Kəndin 1500 dən çox əhalisi, 400 yaxın təsərrüfatı var. Kəndin məktəbi qəzalı vəziyyətdədir, uşaq bağçası yoxdur. Ancaq biz sakinləri ən çox narahat edən problem yolun olmamasıdır. Kəndin əsas yolu cəmi 2 km uzunluğundadır. Yolun olmamasına görə kəndə turistlər gələ bilmir. Ancaq İstisu bəlkədə təbiət gözəlliyinə görə Azərbaycanın gözüdür. Kəndin 4 tərəfi meşəli dağlardır çay axır yayda havası xoş və daima sərin olur. Kəndə yol çəkilərsə turistlər axın edəcək.

Bu barədə İsmayıllı rayon İcra Hakimiyyəti başçısına dəfələrlə müraciətlər etmişik ancaq hələ heç bir tədbir görülməyib.

Cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycanın ən ucqar yaşayış məskənlərinə yollar çəkilib insanların rahatlığı təmin olunub.Ancaq çox təssüf olsun ki, İstisu kəndinə nəzər salınmır.

Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən xahiş edirik bərbad vəziyyətdə olmasını nəzərə alıb İstisu kəndinə yol çəkliməsinə tapşırıqlar verəsiniz.

Məsələ ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən “Yeni Gundembildirildi ki, hava şəraitini nəzərə alaraq 08 avqust 2023-cü il tarixdə İstisu kəndinin kənddaxili yollarının (bütün küçələrin) təmir işlərinə başlanılacaqdır.

“İsmayıllı rayonu Qalacıq bələdiyyəsindən aldığımız arayışa əsasən bildiririk ki, sonuncu dəfə 30 iyun 2023-cü il tarixdə və 07 iyul 2023-cü il tarixdə İsmayıllı rayonunun dağ kəndlərində, eləcə də İstisu kəndində güclü leysan xarakterli yağış yağmışdır. Bunun nəticəsində yol infrastrukturuna ziyan dəymişdir. Bələdiyyə tərəfindən İstisu kəndinin yolları nəzarətə götürülmüş lakin bələdiyyə hesabında yetərli vəsait olmadığı üçün yolların təmir edilməsi gecikmişdir. Yolların yenidən bərpa olunması və yaranmış problemlərin aradan qaldırılmasına görə hal-hazırda bələdiyyə hesabında yetərli vəsait vardır. Hava şəraitini nəzərə alaraq 08 avqust 2023-cü il tarixdə İstisu kəndinin kənddaxili yollarının (bütün küçələrin) təmir işlərinə başlanılacaqdır.

İstisu kəndindəki məktəbin qəzalı vəziyyətdə olması ilə əlaqədar Dağlıq Şirvan Regional Təhsil İdarəsindən verilən arayışa əsasən bildiririk ki, İstisu kəndində yeni tipli məktəb binası və uşaq bağçasının  tikilməsi Dövlət Proqramında nəzərdə tutulmuşdur”,- deyə qeyd olunur.