“İtaliya-Azərbaycan münasibətləri 30 ildir ki, uğurla inkişaf edir, ölkələrimiz arasında strateji əməkdaşlıq mövcuddur”.
“Yeni Gundem”-in xəbərinə görə, bunu bu gün Milli Məclisin Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xüsusi iclasında İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupunun rəhbəri Marco Scurria bildirib.
Marco Scurria deyib ki, iki ölkə arasında enerji sahəsində əməkdaşlıq mühüm yer tutur: “Əməkdaşlıq tək enerji sahəsi ilə məhdudlaşmır. Bakı İtaliya şirkətləri üçün cəlbedicidir. Keçən il ölkələrimiz arasında ticarət dövriyyəsi 17 milyard avro olub”.
Marco Scurria qeyd edib ki, İtaliya-Azərbaycan Universitetinin yaradılması da xüsusi vurğulanmalıdır: “Azərbaycan dinlərarası dialoqun təşviqinə sadiqdir”.
İtaliya Senatında Azərbaycan üzrə dostluq qrupunun rəhbəri vurğulayıb ki, Heydər Əliyev bu gün sürətlə inkişaf edən Azərbaycanın uğurlarının əsasını qoyub.