“Qızım Qafarova Nərgiz Sabunçu rayonundakı 67 saylı orta məktəbin 3b sinfində təhsil alır. Tədris ili başlayandan bəri biz valideynlər bir çox tədbirlər üçün səfərbər olmuşuq, sinif müəllimi ilə birgə Zəfər günü ilə əlaqədar möhtəşəm tədbir keçirmişik. Qeyd edim ki, məktəbdə təhsilin keyfiyyəti ilə bağlı hər hansı şikayətim yoxdur. Lakin “fond pulu” deyə tələb edilən Valideyn-Müəllim Assosiasiyasına üzvlük haqqı yığımı məktəbdə böyük problemə çevrilib”.
Bunu AFN-in əməkdaşı, jurnalist Həbibə Abdulla bildirib. Onun sözlərinə görə, valideynlər bu və digər hadisələrin olacağı ilə şantaj edilirlər: “Ayda 1 manat olmaqla 12 aylıq VMA-ya üzvlük haqqı nağd şəkildə toplanır. Etiraz edənlərin məktəbdə fəaliyyət göstərən VMA-ya yaxınlaşıb imtina ərizəsi yazması tələb edilir. Mən 1 dekabr tarixində VMA-ya yaxınlaşıb imtina ərizəsi yazmaq istədiyimi bildirdim. VMA-nın rəhbəri Sultan xanım məndən nümayişkaranə surətdə niyə imtina etdiyimi soruşdu, bu yığımın qanunsuz olduğunu bildirdim. Sultan xanımla və mühasib kimi təqdim edilən Pərvanə xanımla xeyli müzakirə etdik, sonda vəziyyətlə barışmadığımı bir daha diqqətlərinə çatdırıb oradan uzaqlaşdım.
Lakin dünən valideynlərin votsap qrupunda növbəti dəfə bu məsələ qaldırıldı, yenidən ödəniş etməkdən imtina edən valideynlərə müxtəlif formada təzyiqlər edilməyə başladı. Diqqətinizə çatdırım ki, təzyiqlər mənəvi-psixolojidir — guya kim verməsə onun əvəzinə müəllimin əməkhaqqından çıxılacaq, yaxud müəllimə buna görə söz gəlir, məktəbdə VMA tədbir keçirəndə uşaqlarımız kənarda qalacaq və s. Onu da bildirim ki, mən bir jurnalist kimi bütün əlaqələrimdən istifadə edərək qızımın və onun sinif yoldaşlarının məktəbdə və məktəbdənkənar əyləncəsinin təşkili istiqamətində əlimdən gələni edirəm.
Məhz övladlarımızın hərtərəfli, savadlı böyüməsi üçün istənilən tədbirə qoşulmağa hazıram və yeri gələndə sorğusuz-sualsız bunu edirəm. Amma məktəbdəki fəaliyyətinin hansı qanun və qaydalarla tənzimləndiyi mənə məlum olmayan, bütün rəsmi qurumlar tərəfindən inkar edilən bir QHT-yə hər ay qeyri-rəsmi formada ödəniş etməyə razılığım yoxdur. Bunun üçün mənə edilən mənəvi-psixoloji təzyiqlərə etiraz olaraq övladımızın bu gündən məktəbə getməsini dayandırmışıq, məsələyə aydınlıq gətirilənədək qızım Qafarova Nərgizi məktəbə aparmayacağıq”.
H.Abdulla bildirib ki, məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevaya müraciət edib: “Xahiş etdim ki, ya VMA-nın 67 saylı məktəbdəki fəaliyyətinin, aylıq ödəniş yığılmasının qanuniliyi mənə sübut edilsin, ya VMA-nın məktəbdəki fəaliyyətinin dayandırılmasına göstəriş verilsin, ya da mənim övladımın VMA olmayan məktəblərdən birində təhsilini davam etdirməsinə yardımçı olsun. Qeyd edim ki, mən qızım məktəbə təzə gedəndə VMA-ya üzv olmuşam, lakin bu zaman aylıq ödəniş edəcəyimdən xəbərim olmayıb. Nə də bu barədə mənə məlumat verilməyib”.
H.Abdullanın sözlərinə görə, 67 saylı məktəbin direktoru İradə Bayramova bu gün səhər saatlarında məktəbin köhnə VMA rəhbəri Naibə xanıma zəng edərək onu tənqid edib: “Guya məni köhnə VMA rəhbəri yönəldir, onun sözü ilə mən etiraz edirəm. Halbuki bir neçə ay öncə Naibə xanım VMA rəhbərliyindən uzaqlaşdırılıb onun yerinə yenisi təyin ediləndə şikayətçi idi və o zaman mən onun şikayətini məhz ona görə ictimailəşdirmədim ki, zatən VMA-nın məktəbdəki fəaliyyəti ilə barışmıram. 1990-cı ildən bəri 67 saylı məktəbin direktoru olan İradə Bayramova hələ bir dəfə də olsun narazı valideyn kimi mənə zəng edib maraqlanmayıb ki, nəyə etiraz edirəm. Əvəzində başqa insanları yersiz yerə ittiham edir”.
Jurnalist bildirib ki, VMA-ların məktəblərdəki fəaliyyətinin qanuniliyi, yaxud qanunsuz olması sübut olunana qədər bu məsələdə israrçı olacaq: “VMA-ların ümumi rəhbəri (bu qurumun tam adını təəssüf ki, bilmirəm hələ də) Şahin Rəcəb mənə sosial şəbəkədə yazaraq bildirir ki, 131 məktəbdə fəaliyyət göstəririk. Şahin bəylə müzakirəmizdə 67 saylı məktəbdə direktorun razılığı ilə fəaliyyət göstərdiklərini, ayda üzvlük haqqı adı ilə pul yığdıqlarını (onu da qeyd edim ki, baxmayaraq ki, tədris ili 9 aydır, onlar 12 aylıq yığırlar vəsaiti) inkar etmədi. Şahin Rəcəbdən “saytınız varmı, illik hesabatlarınız ora yerləşdirilibmi” deyə soruşdum. Cavab verdi ki, saytları olub, illik hesabatları ora yerləşdirilib, amma müharibə dövründə informasiya müharibəsində aktivlik etdikləri üçün dağıdılıb. Cavab məncə, hər şeyi aydın ifadə edir. Və mən bir balaca araşdırma apardım, çox ciddi iddialar çıxdı ortaya. Mənə bildirildi ki, VMA-lar məktəblərdə faizlə işləyirlər. Yəni yığılan pulun bəzi məktəblərdə 40-60 nisbətində, bəzilərində isə 50-50 nisbətində bir hissəsi direktora çatır. Bu rüsvayçılığa kim cavab verməlidir – Bakı Şəhəri üzrə Təhsil İdarəsi, yaxud Təhsil Nazirliyi? Mən nazirlə görüş istəyirəm, Təhsil Nazirliyindən deyilir ki, bunun üçün nazirlə görüş lazım deyil, idarəyə ünvanlayın şikayətinizi. İdarə bunu görmürmü? Əgər görmürsə pis, görüb susursa ondan da pis. Yeri gəlmişkən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyevaya ünvanladığım müraciətə cavab verilib ki, məsələ araşdırılır. Ümid edirəm ki, ciddi araşdırılacaq, mənim qeyd etdiyim faktlar üzə çıxarılacaq və nəhayət, “köklü-budaqlı” direktorlarla məsələ həll olunacaq. 131 məktəbin hər birindən orta hesabla 1000 manat pul yığılsa, bu, ayda 131 min manat vəsait deməkdir. Bu qədər pul hara gedir, nəyə xərclənir, hesabatı verilməlidir ictimaiyyətə və aidiyyatı qurumlara”.