Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev: “Ümumilikdə jurnalistika ixtisası üzrə tədris proqramına edilmiş dəyişikliklər təqribən 70 faizdir. Heç şübhəsiz ki, bu dəyişikliklər öz müsbət təsirini göstərəcək. Lakin bu son deyil və 101 yaşlı flaqman universitet, 92 illik ali jurnalistika təhsili təcrübəsi olan fakültə olaraq hədəfimiz tək bu deyil. Biz, ümumiyyətlə, jurnalistika təhsilinə kökündən yeni baxışı və dəyişikliyi hədəf alırıq”.
Müasir texnologiyalar, sürətlə dəyişən kommunikasiya imkanları təhsil standartlarının dəyişməsi, yeni təlim və təhsil metodlarının yaranmasını labüd edir. Təhsildə sürətli onlayn dərslərin tətbiqi, kommunikasiya-informasiya texnologiyalarından maksimum istifadə və informasiyanın sürətli yayımında yeniliklərə imza atıldı. İnformasiya mühitində də artıq yeni dövr jurnalistikası meydana gəldi. Azərbaycanda jurnalistika sahəsində ilk ali məktəb və keyfiyyətli jurnalist kadr hazırlığı həyata keçirən Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsi bu gün də inkişaf xətti ilə öndədir. Aparılan uğurlu inkişaf strategiyasının, Universitetin bütün sahələrində olduğu kimi, Jurnalistika fakültəsində də hiss olunmaqdadır. Yeniliklərə açıq addımların atılması, yeni jurnalistika təhsili ilə bağlı aparılan uğurlu islahatlar barədə fakültənin dekanı Vüqar Əliyevlə söhbətləşdik:
– Vüqar müəllim, bildiyiniz kimi, yeni tədris ili ənənəvi tədris illərindən fərqli başladı. Jurnalistika fakültəsi yeni tədris ilinə hansı dəyişikliklərlə başlayıb?
– Bildiyiniz kimi, onlayn təhsilə keçid tədris proqramları, eləcə də təhsilin məzmununda ediləcək dəyişikləri sürətləndirdi. Görülən işlərin, aparılan sistemlə təhlillərin və araşdırmaların nəticəsi kimi Jurnalistika fakültəsi olaraq biz də bir sıra yeniliklərə imza atdıq. 2020-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Jurnalistika ixtisası üzrə yeni təhsil proqramı qəbul edildi. Yeni proqramda istər ixtisas, istərsə də qeyri-ixtisas fənlərilə bağlı ciddi dəyişikliklər həyata keçirildi. Bu dəyişikliklərin edilməsində də başlıca məqsəd ali jurnalistika təhsilini müasir tələblərə cavab verən ixtisas proqramı əsasında həyata keçirməkdir.
– Proqramda hansı dəyişiklər edilib, yeni fənlər hansılardır?
– Təhsil Nazirliyinin təsdiq etdiyi yeni ixtisas proqramındakı dəyişikliklərə əsasən, ixtisasla bağlı seçmə fənn bloklarının sayı artırıldı, konflikt jurnalistikasi, beynəlxalq informasiya hüququ və jurnalistika, informasiya təhlükəsizliyi və informasiya siyasəti, beynəlxalq münasibətlər sistemində jurnalistika, media və siyasət, media və iqtisadiyyat, media savadlığı, media idarəçiliyi və menecment fəaliyyəti, türk xalqlarının müasir mediası və s. kimi yeni və müasir dövrdə tədrisi vacib olan fənlər əlavə edildi. 2014-cü il tədris planında müəyyən qədər bir-birini təkrarlayan fənlər bir fənn adı altında yeni proqrama daxil edildi. Vurğulamağı özümüzə borc bilirik ki, bu dəyişikliklər nəticəsində, eyni zamanda sahə jurnalistikası ilə bağlı bir sıra yeni fənlər tədris planına əlavə edildi və bu bir ilk hesab oluna bilər. Bütün bu dəyişikliklər zamanı tədris olunan dərslərin keyfiyyəti və eləcə də tələbələrimizin istək və arzuları da nəzərə alındı.
– Yeniliklərə imza atarkən beynəlxalq təcrübə nəzərə alındımı?
– Əlbəttə. İxtisas proqramı hazırlanarkən Qərb, xüsusilə də qardaş Türkiyə Cümhuriyyətinin media və kommunikasiya ixtisasları ilə bağlı proqramları diqqətlə öyrənilib. Bu ilk növbədə, Türkiyə ali məktəbləri ilə tələbə mübadiləsi, eləcə də media təhsili təcrübələrinin tətbiqi məqsədi ilə də atılan addımdır.
– Tədris planına edilən dəyişikliklər jurnalistika təhsilinə yeni nələr gətirəcək?
– Bildirmək istərdik ki, ixtisas proqramında edilən bu dəyişikliklərin öz müsbət təsirini göstərəciyinə inanırıq. Ümumilikdə jurnalistika ixtisası üzrə tədris proqramına edilmiş dəyişikliklər, təqribən, 70 faizdir. Heç şübhəsiz ki, bu dəyişikliklər öz müsbət təsirini göstərəcək. Lakin bu son deyil və 101 yaşlı flaqman universitet, 92 illik ali jurnalistika təhsili təcrübəsi olan fakültə olaraq hədəfimiz tək bu deyil. Biz, ümumiyyətlə, jurnalistika təhsilinə kökündən yeni baxışı və dəyişikliyi hədəf alırıq.
– Bildiyimiz kimi fakültədə həm də struktur islahatları həyata keçirilib.
– Ümumiyyətlə son bir ildə Universitetdə yeni islahatlara başlanılıb və fakültəmizdə də bir sıra struktur islahatları həyata keçirilib. Kafedralarımızın adlarının dəyişdirilməsi, yenidən formalaşdırılması bu istiqamətdə atılan ilk addım oldu. Bu dəyişikliyi həm də sovet dövründən qalma və faktiki olaraq post-sovet məkanından başqa heç bir yerdə müşahidə edilməyən yanaşmanın, yeni və müasir media təhsilinə baxış ilə əvəz edilməsi kimi də qiymətləndirə bilərik.
– Gələcək inkişaf planlarınızda hansı yeniliklər nəzərdə tutulub?
– Bir az əvvəl də qeyd etdiyim kimi, hədəfimiz tək bunlar deyil. Biz ümumiyyətlə jurnalistika təhsilinə kökündən yeni baxışı və dəyişikliyi hədəf alırıq. Universal jurnalistika ixtisasi üzrə bakalavr səviyyəsinə qəbulun yerinə 3 ixtisas üzrə – yeni media jurnalistikasi, televiziya ve radio jurnalistikasi və beynəlxalq jurnalistika ixtisasları üzrə qəbulun həyata keçirilməsini arzu edirik. Düşünürük ki, bu, mediamızın inkişafı üçün yeni ixtisaslaşmış kadrların hazırlanmasına ciddi təkan verə bilər.
Bakalavr səviyyəsində 3 istiqamət üzrə qəbul proqramının həyata keçirilməsi, nəticə etibarilə magistratura pilləsində də ixtisaslaşmalara yenidən baxmağı labüd edəcək. Sahə jurnalistikasını tədrisə transformasiya etməyimiz də qarşıya qoyduğumuz hədəflərimizdəndir. Jurnalistika sahəsində savadlı və yeniliklərə açıq kadrlar hazırlamaq ali məqsədimizdir.
Yeni tədris ilində həm tələbələrimizə, həm də müəllimlərimizə uğurlar arzu edirik. Ümidvarıq ki, yeniliklərin tətbiqi öz müsbət təsirini tezliklə göstərəcək.