Kapitulyasiya sənədi qüvvədən düşüb?backend

Ermənistan rəhbərliyinin Azərbaycanla sülh anlaşması məsələsində nə dərəcədə səmimi olduğu, sübhə yox ki, həm də Zəngəzur dəhlizi məsələsinə yanaşmadan bilinəcək. Təəssüf ki, rəsmi Bakının “Azərbaycandan Azərbaycana keçid maneəsiz olmalıdır” haqlı tələbini İrəvan qəbul eləmək istəmir – hansı ki, 10 noyabr 2020-ci il üçtərəfli bəyanatında da (9-cu bənd) əksini tapıb. Söz düşmüşkən, mayın 7-də keçirdiyi mətbuat konfransında isə baş nazir Nikol Paşinyan 10 noyabr kapitulyasiya sənədinin artıq qüvvədən düşdüyünü söyləyib. Bu barədə o, Zəngəzur dəhlizi haqda danışarkən deyib və dəhliz məntiqini istisna edib. “Ermənistan, Azərbaycan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının Dağlıq Qarabağla (? – red.) bağlı bəndləri artıq qüvvəsini itirib”, – o qeyd edib.

Lakin Rusiyanın diametral fərqli yanaşması var.

“Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat (10 noyabr 2020 – red.) indiki şəraitdə öz aktuallığını saxlayır, onun alternativi yoxdur”.

Bunu Paşinyandan bir gün sonra Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər.

“2020-2022-ci illərdə imzalanan üçtərəfli sazişlər toplusu hazırkı şəraitdə də aktuallığını qoruyur. Rusiya regional nəqliyyat kommunikasiyalarının açılması, Azərbaycan və Ermənistan arasında sülh sazişinin şərtlərinin işlənib hazırlanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası daxil olmaqla, bütün istiqamətlərdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə kömək etməyə hazırdır. Biz Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində əlaqələrin intensivləşdirilməsinin tərəfdarıyıq. Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üçün sadəcə olaraq alternativ etibarlı mexanizm yoxdur”, – açıqlamada vurğulanır.

Qeyd edək ki, 10 noyabr üçtərəfli Bəyanatı  Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın İkinci Qarabağ müharibəsinin gedişində təslim olmasınının ardınca imzalanıb. Bəyanatın məzmunu işğal altındakı bölgələrin Azərbaycana qaytarılması, münaqişə tərəfləri arasında kommunikasiyaların açılması, Rusiya sülhməramlılarının Dağlıq Qarabağda yerləşdirilməsi və onlara nəzarət mexanizmi kimi Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin qurulması kimi məqamları ehtiva etməklə yanaşı, münaqişənin həllinə dair digər məsələləri əhatə edirdi.

İkinci Qarabağ müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağın cənub hissəsində əhəmiyyətli irəliləyişindən sonra, 2020-ci ilin oktyabr ayının əvvəllərindən etibarən müxtəlif ölkələr tərəfindən atəşkəs üçün çağırışlar edildi. Oktyabr ayının 1-də ATƏT-in Minsk qrupunda həmsədr olaraq təmsil olunan ölkələrin (Rusiya, Fransa və ABŞ) dövlət başçıları tərəfindən bu qəbildən olan çağırışla münaqişə tərəflərinə müraciət qəbul edildi.

10 oktyabr 2020-ci ildə Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin 11 saat davam edən görüşünün ardınca humanitar məqsədlərlə təmas zolağı boyunca atəşkəs elan olundu. Növbəti gün Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərini bombaladı və nəticədə 10 nəfər həlak oldu, 40 nəfər isə yaralandı.

18 oktyabrda, Ermənistan Silahlı Qüvvələri Gəncə şəhərindəki mülki yaşayış məntəqələrinə yenidən raket zərbələri endirməsindən bir gün sonra tərəflər arasında atəşkəsə dair razılıq əldə edildiyi elan olundu.

Rusiya Prezidenti Vladimir Putinin sonradan verdiyi açıqlamaya görə, 19-20 oktyabr tarixlərində həm Azərbaycan prezidenti İlham Əliyev, həm də Ermənistanın baş naziri Nikol Paşinyanla bir sıra telefon danışıqları aparsa da, konsensus əldə olunmadığı üçün cəhdlər boşa çıxdı.

22 oktyabrda Ermənistanın baş naziri Nikol Paşinyan atəşkəs davam etdiyi halda Ermənistanın mülki əhalisini silahlanmaya çağırdı. Azərbaycan Prezident Administrasiyasının şöbə müdiri Hikmət Hacıyev isə Paşinyanın bəyanatını “məsuliyyətsiz” adlandıraraq, sözügedən fikirlərin Vaşinqtonda baş tutuacaq görüşlərdən əvvəl ifadə edildiyinə diqqət çəkdi.

Azərbaycan və Ermənistan xarici işlər nazirləri 23 oktyabrda ABŞ dövlət katibi Mayk Pompeo ilə, 24 oktyabrda isə dövlət katibinin müavini Stefen Biqanla görüşdülər. Tərəflər 25 oktyabrda birgə bəyanatla çıxış edərək, 26 oktyabr saat 8:00-dan etibarən başlanacaq humanitar atəşkəsə dair razılaşdırdıqlarını bildirdilər. Hadisədən sonra ABŞ prezident Donald Tramp özünün rəsmi Twitter və Facebook səhifələrində paylaşım edərək Azərbaycan və Ermənistan dövlət başçılarını təbrik etdi.

10 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən Ermənistanın təslim olmasınının ardınca videokonfrans formatında üçtərəfli atəşkəs bəyanatı imzalandı.

Tarixə 10 noyabr üçtərəfli Bəyanatı kimə düşən sənəd hərbi əməliyyatların dayanmasını təmin etdi.

Bəyanat 9 bənddən ibarətdir:

1.Dağlıq Qarabağ münaqişəsi zonasında tam atəşkəsdən və bütün hərbi əməliyyatlar dayandırıldıqdan sonra 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə 00:00-dan etibarən Azərbaycan və Ermənistan öz mövqelərində dayanırlar.

2.Ağdam rayonu 20 noyabr 2020-ci il tarixinədək Azərbaycana qaytarılır.

3.Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağdakı təmas xətti boyunca və Laçın dəhlizi boyunca yerləşdirilir.

4.Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir.

5.Münaqişə tərəfləri tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək məqsədilə sülhməramlı mərkəz yerləşdirilir.

6.Ermənistan Respublikası 2020-ci il noyabrın 15-dək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 2020-ci il dekabrın 1-dək Laçın rayonunu qaytarır, Dağlıq Qarabağın Ermənistanla əlaqəsini təmin edəcək və Şuşa şəhərindən keçməyəcək Laçın dəhlizi Rusiya sülhməramlılarının nəzarətinə keçir (eni 5 km). Üç il ərzində Laçın dəhlizi boyunca Xankəndi ilə Ermənistan arasında rabitə təmin edən yeni bir nəqliyyat marşrutunun inşası üçün bir plan müəyyən ediləcək və bu marşrutu qorumaq üçün sonra burada Rusiya sülhməramlı kontingenti yenidən yerləşdiriləcək. Azərbaycan hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların Laçın dəhlizi boyunca hərəkətinin təhlükəsizliyinə zəmanət verir.

7.Məcburi köçkünlər və qaçqınlar Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ona bitişik ərazilərə qayıdırlar.

8.Hərbi əsirlərin və digər saxlanılan şəxslərin və həlak olanların cəsədlərinin mübadiləsi aparılır.

9.Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri blokdan çıxarılır. Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə zəmanət verir. Nəqliyyat nəzarəti Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir.

Amma razılaşmadan  4 ilə yaxın müddət ötsə də, Ermənistan 9-cu bəndin tələbini yerinə yetirməyib. Erməni liderləri dəfələrlə deyiblər ki, nə Azərbaycan, nə də Türkiyə tərəfi Meğri vasitəsilə Ermənistanın yurisdiksiyasından kənarda olacaq dəhliz almayacaq, bəyanatda hazırda tərəflər arasında mübahisə predmetinə çevrilən nəqliyyat kommunikasiyalarının açılması üçün də konkret tarix nəzərdə tutulmayıb.

Ermənistan bu cür bəhanələrlə vaxtı uzatmaqda davam edir.

Bəs Bakının yanaşması necədir? 10 noyabr üçtərəfli Bəyanatı hüquqi qüvvəsini itirib, yoxsa? Kim gerçəyi deyir -Paşinyan, yoxsa Rusiya XİN? Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli Bəyanatında Azərbaycan üzərinə götürdüyü öhdəlikləri ilk gündən etibarən həyata keçirib. Ermənistan isə imzası ilə üzərinə götürdüyü öhdəlikdən yalnız birini Kəlbəcər, Laçın və Ağdamdan qoşunları çıxarıb bu rayonları Azərbaycana təhvil vermək barədə öhdəliyi yerinə yetirib: “Digər bəndlərin heç birinə İrəvan əməl etməyib. Nəticədə 9-cu bənd istisna olmaqla digər həmin bəndləri Azərbaycan güc yolu ilə reallaşdırmağa məcbur olub. 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndində nəzərdə tutulan addımları Ermənistan hələ də atmaqdan yayınır. Biz Zəngəzur dəhlizinin işə düşməsi üçün öz ərazimizdə həyata keçirməli olduğumuz işləri demək olar ki, reallaşdırmışı. Ermənistan tərəfi öhdəliyini yerinə yetirmir.

Ona görə də 10 noyabr üçtərəfli Bəyanatının 9-cu bəndi yerinə yetirilmədiyi üçün bu sənədi tamamilə qüvvədən düşmüş sənəd hesab etmək olmaz.

Şübhəsiz ki, bu sənədin içərisində bir neçə komponentlər artıq öz əhəmiyyətini itirib, bəziləri həllini tapıb. Amma müəyyən komponentlər isə qalmaqdadır, həllini gözləyir. Əsasən də qeyd etdyimiz 9-cu bənd-komunikasiyaların açılmasını nəzərdə tutan tələb yerinə yetirilməlidir”.