Keçmiş arvadını blokda boğaraq öldürmək istəyən şəxsə AĞIR CƏZAbackend
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməyə cəhddə təqsirləndirilən Rasim Quliyevin (soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hakim Hafiz Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 10 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
İttihama görə, hadisə Sumqayıt şəhərində qeydə alınıb.
Belə ki, 1974-cü il təvəllüdlü Rasim Quliyev 2019-cu ildə boşandığı arvadı, zərərçəkmiş Nərgiz Həsənova (soyadı şərti) ilə barışıb yenidən ailə münasibətlərini bərpa etmək istəyib. Lakin qadın onun təklifini qəbul etməyib. Hadisə günü Rasim saat 8 radələrində zərərçəkmiş şəxsin yaşadığı ünvanın yerləşdiyi bloka gəlib. O, blokun üçüncü mərtəbəsi ilə dördüncü mərtəbəsi arasındakı meydançada Nərgizin evdən çıxıb işə getməsini gözləyib. Qadın saat 08:15-də evdən çıxıb aşağı enərək həmin meydançaya çatdıqda Rasim ona yaxınlaşıb. O, ailə münasibətlərini bərpa etməklə bağlı aralarında baş vermiş mübahisə zamanı yenidən rədd cavabı alıb. Daha sonra Rasim qısqanclıq zəminində Nərgizi öldürmək niyyəti ilə hər iki əli ilə onun boğazından tutub sıxıb. Bu zaman səsə qadının qonşusu çıxıb və onu kişinin əlindən alaraq, xəstəxanaya çatdırıb.
Nərgizə vaxtında tibbi yardım göstərilib və onun həyatı xilas edilib.