Laçın-Xankəndi yolunda Azərbaycan tərəfinin müşahidə və nəzarət-buraxılış məntəqəsinin qurulması əslində bundan sonra həm Qarabağ, həm də Şərqi Zəngəzur iqtisadi rayonunda sülhün və təhlükəsizliyin təmin edilməsi nöqteyi-nəzərdən çox vacib məqamdır.
Bu sözləri “Yeni Gundem”-ə Millət vəkili Mahir Abbaszadə bildirib.
Milli Məclisin deputatı vurğulayıb ki, Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün yenə açıqdır. Qarabağ erməniləri ölkə qanunvericiliyinə uyğun olaraq Ermənistana gedib-gələ bilərlər. Ancaq yol bütün hərbi məqsədlər üçün bağlıdır.
“10 noyabr 2020-ci il tarixində imzalanan üçtərəfli bəyanata görə, Qarabağda yerləşən erməni separatçıları Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Qarabağ ermənilərinin Ermənistana gediş-gəlişini asanlaşdırmaq məqsədi ilə Laçın rayonu ərazisindən keçəcək yolun inşasını həyata keçirməli idi. Azərbaycan üzərinə götürdüyü öhdəlikləri yerinə yetirib. Yolun çəkilişini tez zamanda yekunlaşdırdı. Bunun əksinə olaraq, Qarabağda hazırda mövcud olan erməni separatçıları oradan çıxarılmır. Hətta humanitar məqsədlər üçün nəzərdə tutulan Laçın-Xankəndi yolundan hərbi silah-sursat daşınır. Bu da Azərbaycan tərəfinin haqlı narazılığına səbəb olur. Laçın-Xankəndi yolundan Azərbaycanın təbii sərvətləri Ermənistana daşınır. Bu da 10 noyabr üçtərəfli bəyanatına ziddir. Azərbaycan tərəfi dəfələrlə Ermənistan və onun havadarlarına xəbərdarlıq edirdi ki, Laçın-Xankəndi yolu humanitar məqsədlər üçün nəzərdə tutulub, yoldan başqa məqsədlər üçün istifadə etmək olmaz. Çox təəsüflər olsun ki, nə Ermənistan tərəfindən, nə də ki, rus sülhməramlıları tərəfindən heç bir müsbət addım atılmadı. Belə olan halda təbii ki, Azərbaycan suveren hüquqlarından istifadə edərək, ərazisində sərhəd-buraxılış məntəqəsi yaratdı. Ordumuz işləri yüksək səviyyədə həyata keçirir. Laçın rayonu ərazisində buraxılış məntəqəsinin yaradılması döyüş riskini azaldacaq və təhlükəsizliyin təmin edilməsinə çox böyük müsbət töhfələrini verəcək”,- deyə deputat qeyd edib.
Fərahim Rəhimov