Laçının azad olunması Azərbaycan üçün tarixi hadisədir – Bəhruz Məhərrəmovbackend

Bu gün Laçının işğaldan azad olunmasından üç il ötür. Bu münasibətlə başda laçınlılar olmaqla, hər bir soydaşımıza təbriklərimizi çatdırır, bizə bu qüruru yaşadan Azərbaycan Ordusuna və onun Müzəffər Ali Baş Komandanına təşəkkür edirik.
Laçının azad olunması Azərbaycan üçün tarixi hadisədir. Təsadüfi deyil ki, Qarabağ və Şərqi Zəngəzurun işğalı məhz Azərbaycanın o zamankı səbatsız və xəyanətkar idarəçiliyinin günahı ucbatından Laçının itirilməsi ilə başlanmışdı. Üç il öncə isə bu dilbər guşənin düşmən tapdağından xilas olması ilə həm Ermənistan, həm də separatçılar Laçınla bərabər sonuncu murdar ümidlərini itirmiş oldular. Bu mənada, əgər Şuşanın azad edilməsi Azərbaycanın hərbi Zəfəridirsə, Laçının azad edilməsi də Azərbaycanın tarixi hərbi-siyasi qələbəsidir.
İkinci vacib məqam, cənab Prezidentin də dediyi kimi, biz bir güllə atmadan Laçın rayonunu qaytardıq. Baxın, bu qədər strateji əhəmiyyətinə baxmayaraq əgər düşmən öz nəzarətində olan ən vacib məntəqəni Dəmir yumruğun təhdidi altında səssizcə boşaltmağa məcbur oldusa, bu gün Ermənistan, onun havadarları üç il əvvəlki reallığı unutmamalı, Azərbaycanın hərbi-siyasi gücünü bu üç il ərzində daha da artırdığını başa düşərək bizim iradəmizlə hesablaşmalıdırlar.
Laçının azadlığı müjdəsini verərkən, cənab İlham Əliyev qeyd etmişdi ki, bu rayonun Azərbaycanın gələcək iqtisadi inkişaf prosesində mühüm rolu olacaqdır. İşğala son qoyulmasından cəmi 8 ay sonra, 2021-ci ilin avqustunda Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva tərəfindən Laçın Beynəlxalq Hava Limanının, o cümlədən bir sıra infrastruktur layihələrinin təməli qoyuldu. Bu gün isə artıq Laçında laçınlılar yaşayır, Laçın özünün əzəli və əbədi sakinlərinə qovuşaraq tarixi dirçəliş dövrünə qədəm qoyub.
Əlbəttə, bu o deməkdir ki, işğal altında xarabazara döndərən ermənidən fərqli olaraq Azərbaycan Laçına inkişaf və tərəqqi gətirir. Böyük layihələrə start verilməsi, eyni zamanda bu torpaqların əsl sahibi kimi Azərbaycanın və dövlət başçısının iradəsinin göstəricisidir. İndiki məqamda güclü iradə isə zəfərin davamlılığının əsas təminatıdır.

Bəhruz Məhərrəmov

Milli Məclisin deputatı