“Azərbaycanın xarici siyasətində regional əməkdaşlığın genişləndirilməsi önəmli yer tutur. Müstəqillik tarixində respublikamız əksər region dövlətləri ilə ikitərəfli və çoxtərəfli platformalarda sıx əməkdaşlıq əlaqələri qurmağa nail olub. Bu kontekstdə Azərbaycanın keçmiş ittifaq respublikalarının iştirakı ilə yaradılan Müstəqil Dövlətlər Birliyində təmsilçiliyi də diqqət çəkir”.
”Yeni Gundem” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Fatma Yıldırım deyib.
Deputat bildirib ki, oktyabrın 8-də Moskvada keçirilmiş Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının iclasında çıxış edən Prezident İlham Əliyev Azərbaycan-MDB əməkdaşlığının uğurla inkişaf etməsindən məmnunluğunu bildirib və keçmiş müttəfiq respublikaların birgə keçdikləri yolda, o cümlədən də İkinci Dünya müharibəsində Qələbənin əldə olunmasında Azərbaycanın mühüm rol oynadığına diqqət çəkib.
Millət vəkilinin sözlərinə görə, bu gün MDB-də Azərbaycana və onun Liderinə böyük ehtiram və hörmət bəslənildiyinin şahidi oluruq ki, bu da səbəbsiz deyil:
“Bir tərəfdən, ölkəmizin MDB-nin fəaliyyətinə verdiyi töhfələr üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilir və təqdir olunur. Digər tərəfdən isə respublikamız Ermənistan istisna olmaqla, qurumda təmsil olunan əksər dövlətlərlə yüksəksəviyyəli ikitərəfli münasibətlərə malikdir. Liderlər tez-tez qarşılıqlı səfərlər edərək fəal siyasi dialoq aparırlar və gündəliyin yeni-yeni istiqamətlərini müəyyənləşdirirlər. MDB Humanitar Əməkdaşlıq Şurasının qərarına əsasən, Azərbaycanın Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin 2025-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan edilməsi təşkilatda Azərbaycana göstərilən hörmət və etimadın daha bir təsdiqidir. Laçın Azərbaycan xalqı üçün adi bir yaşayış məntəqəsi deyil. Uca dağlar qoynunda qərar tutan bu şəhərin əsrarəngiz gözəlliyə malik olması ilə yanaşı, Laçın bizim üçün həm də bir rəmzi məna daşıyır. Laçın ölkəmiz üçün strateji önəm daşıyır. 1992-ci ildə bu şəhər Ermənistan tərəfindən işğal olunarkən işğalçı ölkə ilə Qarabağ separatçılarının arasında coğrafi əlaqə yaranmışdı. 30 illik işğaldan sonra Laçın azad olundu, hazırda bu şəhərə keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunub. Dövlət başçısının dediyi kimi, Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi həm laçınlılar, həm də bütün Azərbaycan xalqı tərəfindən böyük minnətdarlıqla qarşılanıb”.
Fatma Yıldırımın fikrincə, III MDB Oyunlarına ev sahibliyi hüququnun ölkəmizə verilməsi də təşkilat daxilində Azərbaycana inamın yüksək olmasının təsdiqidir:
“Belə genişmiqyaslı idman tədbirini ancaq Azərbaycan kimi güclü dövlət təşkil edib uğurla keçirə bilər. Qeyd edək ki, III MDB Oyunları gələn il keçiriləcək. Gəncə şəhəri idman paytaxtına çevriləcək. Yarışlar, həmçinin Azərbaycanın 10-dan çox şəhərində keçiriləcək. Bütün bunlar Azərbaycanın ən müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi etmək gücündə və imkanında olduğunu təsdiqləyir”.
“Prezident İlham Əliyev Moskvaya səfəri çərçivəsində “Rossiya-1” televiziya kanalına müsahibəsi zamanı Qərbin, xüsusilə ABŞ-ın sanksiya siyasətini tənqid edib. Həqiqətən də, ABŞ bu məsələdə ədalətsiz yanaşma ortaya qoyur. Uzun illər Ermənistanın işğalçı siyasətindən əziyyət çəkmiş Azərbaycana qarşı ABŞ konqresmenlərinin bu gün sərgilədiyi mövqe, onların işğalçılara və erməni separatçılarına “xoş münasibəti” də bunu təsdiqləyir. Bu cür ikili standartlara son qoyulmalıdır”, – deyə deputat vurğulayıb.