Lənkəran Şəhər İcra Hakimiyyəti Taleh Qaraşovla bağlı yayılan məlumata aydınlıq gətirdibackend

Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçı Taleh Qaraşovun rayonda kortejlə gəzməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirilib.

“Yeni Gundem”-in redaksiyasına ŞİH-dən daxil olan məlumatı təqdim edirik:

Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının rayon ərazisində kortejlə gəzməsi barədə “jurnalist”lərdən birinin səsləndirdiyi fikirlər və iddialar tamamilə cəfəngiyatdır. Təqdim olunan video görüntülər ictimaiyyət arasında süni şəkildə dövlət vəzifəli şəxs barədə mənfi fikir formalaşdırmağa xidmət edir.
Bildiririk ki, ŞİH başçısının yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbullara bir qayda olaraq rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının rəhbərləri birgə qatılırlar. Belə tədbirlərdən biri də fevral ayının 21-də “Ay lolo” şadlıq sarayında Lənkəran ŞİH başçısının Şiləvar kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirilib. Təqdim olunan görüntülərdən də diqqətli oxucu aydın müşahidə edir ki, icra başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri öz xidməti avtomobillərində hərəkət edərək səyyar görüş-qəbula qatılırlar. İddia olunduğu kimi icra başçısının kortejlə gəzməsi tamamilə absurddur, qərəz, böhtan xarakteri daşıyan və ictimaiyyət arasında narazılığın yaradılmasına xidmət edən əsassız məlumatdır.
Bir daha media nümayəndələrini, sosial şəbəkə istifadəçilərini əsası olmayan, şəxsi təxəyyüllərinin məhsulu olan informasiyaları “həqiqət” kimi təqdim etməklə ictimaiyyət arasında çaşqınlıq və narazılıq yaratmamağa dəvət edirik. Lənkəran ŞİH hər zaman mediaya açıqdır və istənilən informasiyanın dəqiqləşdirilməsində maraqlıdır.
Xatırladırıq ki, əsası olmayan, böhtan və ictimaiyyət arasında dövlət vəzifəli şəxs barədə mənfi fikir formalaşdırmağa xidmət edən informasiyaların, fikirlərin dövrüyyəyə buraxılması qanunvericiliklə hüquqi məsuliyyət yaradır, eyni zamanda, dövlət vəzifəli şəxs bu barədə hüquq mühafizə orqanlarına müraciət etmək hüququna sahibdir.