Lənkəranda bu məktəbin halına ağlayan lazımdır… – NAZİRİN NƏZƏRİNƏ…backend

“Kütləvi etirazlardan sonra 10 saylı məktəbin şagirdləri digər məktəbə köçürülür. Bizim isə müraciətlərimizə baxan yoxdur. Deyirlər ki, seçki ilidir, mətbuata yazmayın. Mətbuat yada salanda heç olmasa təlaşa düşürlər”.

Bunu Meydan TV-yə Lənkəran şəhər 9 saylı məktəbin valideynləri bildiriblər. Valideynlərin şikayəti ötən ilin sentyabrında-dərs ili yeni başlayanda işıqlandırılıb.

Şikayətçilər deyirlər ki, həmin ərəfədə onlara tezliklə məktəbdə təmir işləri başlanılacağı vəd olunub, hətta sinif müəllimləri belə aktiv valideynlərdən mətbuata şikayət olunmamasını xahiş ediblər.

“Yağan yağış sinif otaqlarına dolur, tavan tamamilə deşilib. Qarlı havalarda tavanın uşaqların başına düşəcəyindən qorxurduq. Hələ qarşıdan şaxtalı günlər gəlir. Döşəmə sıradan çıxıb, uşaqların ayağı çuxura düşür. Bir neçə dəfə həm müəllimlərin, həm də şagirdlərin ayağına mismar batıb”,-valideynlərdən Təranə Məmmədova bildirib.

Şikayətçi deyib ki, şaxtalı günlərdə uşaqları məktəbə göndərmək istəmirlər:

“Uşaqlar sinifdə bürünüb otururlar, soyuqdan dərsi dinləyə bilmirlər. Yazı yazanda əlləri donur. İbtidai siniflərin vəziyyətini təsəvvür edə bilməzsiz. Elə müəllimlər də o gündədirlər, amma səslərini çıxarmırlar. Qapı-pəncərə qırıqdır, soyuğun qarşısını almır. Xan şəhəri kimi tanınan Lənkəranda məktəblər bərbad vəziyyətdədir, ancaq baxan yoxdur”.

Valideynlər deyiblər ki, 21-i əsrdə məktəbdə döşəmə çürüdüyündən uşağın ayağına mismar batmasını eşidənlər inanmırlar.

“Məktəb indiyədək 7 şəhid verib. Üstəlik, təhsilin səviyyəsinə görə seçilir. Buna görə də uşaqlarım;z; digər məktəblərə aparmaq istəmirik”, – valideynlərdən biri deyib.

Valideynlərdən biri bildirib ki, direktorun özü də dəfələrlə təmirlə bağlı aidiyyatı orqanlara müraciət edib. Məktəbin vəziyyətindən Lənkəran Rayon İcra Hakimiyyətindən tutmuş Elm və Təhsil Nazirliyinədək hamısı xəbərdardır:

“Uşaqlar dərsdən yayınanda arayış tələb edirlər, sinif soyuq olduğundan isə tez-tez xəstələnirlər. Deyirlər ki, seçki ilində çox səs-küy salmayın. Mətbuatda yazılanlara da baxılmırsa, bizə çıxış yolu göstərsinlər. Qışı necə yola verək? Divarlar nəmişlikdən qaralıb, yağış olmayanda da su axır”.

Lənkəran-Astara Regional Təhsil İdarəsindən Meydan TV-yə bildirirlər ki, məktəb yaxın vaxtlarda təmir olunacaq.

Lənkəranda bu məktəbin halına ağlayan lazımdır...