Sakinlər deyiblər ki, icra başçısı rayonu tamamilə maliyyə idarəsinin müdiri Hafiz İmanovun nəzarətinə verib.
Rayonu faktiki idarəedən klan İmanovlardır. Hətta vəziyyət o həddə çatıb ki, dövlətin və özəl sektorun gördüyü bütün işlərə İmanovlar əl qoyur.
Bu yaxınlarda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) strukturuna daxil olan KOB İnkişaf Mərkəzinin (KOBİM) Lerikdə açılan filialına da İmanovların adamı əl qoyub.
Sakinlərin dediyinə görə, KOB-un rəhbərliyinə Hafizin İmanovun qardaşının kürəkəni Rahil Nəsibəli oğlu Məmmədov gətirilib.
Leiklilər bunu icra başçısı Əkbər Abbasovun İmanovlara “Yeni il hədiyyəsi” kimi xarakterizə ediblər.
“Görəsən, rayonda nüfuzsuz İmanovlar bu təcrübəsiz və bacarıqsız icra başçısını bu gedişlə hara aparırlar? Bəs Lerikin bütün idarəetmə və nəzarətini İmanovlara etibar edən icra başçısı öz vəzifəsinin məsuliyyətini anlayırmı?”, – deyə sakinlər sual edirlər.
Lerikdən gələn digər bir xəbər isə Milli Məclisin deputatı İqbal Məmmədovla bağlıdır.
Sakinlər deyirlər ki, uzun müddətdən sonra, nəhayət, deputatın ayağı Lerik rayonuna dəyib. Bildirilir ki, icra başçısı Əkbər Abbasov rayon ictimaiyyəti ilə görüşünə İqbal Məmmədov da qatılıb. Amma bu görüş İqbal Məmmədov üçün heç də ürəkaçan olmayıb. Çünki onun fəaliyyəti əhalinin etirazı ilə qarşılanıb.
Rayon sakini Əlfiağa adlı şəxs iclasda deputatı açıq tənqid edib.
O, İqbal Məmmədovu tərəfkeşlik və ayrı-seçkilikdə günahlandırıb. Sakin deyib ki, deputat rayonu da zonalara bölüb və öz zonasına daha çox diqqət ayırır.
“Rayonu zonalara bölüb şovinistlik edən qərəzli adamsan. İndiyə kimi ancaq öz kəndin, öz zonan və qohumların üçün işləyən bir şovinistsən. Biz səni bir deputat kimi tanımırıq”, – deyə sakin deputatı sərt tənqid edib.
Lerik sakinləri deyirlər ki, onlar faktiki köməksiz qalıblar, nə icra başçısı işinin öhdəsindən gələ bilir, nə də deputat onların səsini eşidir. Bir sözlə, Lerik Allahın və İmanovların ümidinə buraxılan bir rayona çevrilib.
Mənbə: editor.az
Təqdim etdi: DİA-AZ.İNFO (Ərsoyun Bloqu)
Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır…