Bakıda “Mahal” MTK tərəfindən inşa edilmiş 17 mərtəbəli binanın fasadı uçub.
Qaynarinfo-nun məlumatına görə, hadisə MTK-ya məxsus Yasamal rayonu, Yeni Yasamal adlanan ərazidə – Məhəmməd Xiyabani küçəsində yerləşən binada baş verib.
Belə ki, dünən axşam binanın üzlüyü qoparaq avtomobillərin üzərinə düşüb. Xeyli sayda avtomobilin zərər gördüyü deyilir.
Məsələ ilə bağlı Qaynarinfo-ya MTK-nın özünü təqdim etməyən nümayəndəsi bildirib ki, yüngül hadisə baş verib. Onun sözlərinə görə, binanın qopan üzlüyü daş deyil: “Nazik fasaddır, qopub. Yaxın günlərdə bərpa ediləcək. Binanın digər yerlərində olan üzlük möhkəmdir”.