“Qarabağ”ın tarixinin ən yaxşı bombardirləri siyahısında dəyişiklik olub..
“Yeni Gündəm” PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Qəbələ” ilə ilk oyununda (3:1) dubla imza atan Mahir Emreli komandasının heyətində vurduğu qolların sayını 63-ə çatdırıb.
O, buna 2015-ci ilin yayından çıxış etdiyi “Qarabağ”da keçirdiyi 183 matçda nail olub. Hücumçunun orta məhsuldarlığı 0,34-ə bərabərdir. Forvard Premyer Liqada 51, ölkə kubokunda 7, avrokuboklarda 5 dəfə rəqib qapısına yol tapıb.
Emreli “Qarabağ”dakı qol sayını 63-ə çatdırmaqla klub tarixinin 2-ci ən yaxşı bombardiri olub. O, “Qəbələ” ilə görüşdəki qollarla braziliyalı Reynaldo Silvanı arxada qoyub. Cənubi amerikalının hesabında 62 top var.
Qeyd edək ki, “Qarabağ”ın tarixinin ən yaxşı bombardiri Müşfiq Hüseynovdur. Onun aktivində 159 qol var.