Fransada müşahidə olunan hökumət böhranı uzun illər ərzində Makron rejiminin sosial, iqtisadi və siyasi reallıqlarla uzlaşmayan addımlarının nəticəsi kimi gözlənilən idi. Hələ prezidentliyinin ilk dövründə rəqibinə minimal hesabla qalib gələn Makronun Fransada nüfuzunun kifayət qədər aşağı olması, eyni zamanda fəaliyyəti dövründə çoxsaylı səhvlər buraxması zaman keçdikcə onun hökumətini fiaskoya daha da yaxınlaşdırmışdı. Bu ilin iyun ayında Avroparlamentə seçkilərdə Makronun rəhbərlik etdiyi liberalların biabırçı formada məğlub olması proseslərdə yeni mərhələ başlatdı. Məğlubiyyəti ilə barışmayan Makronun ölkədə növbədənkənar parlament seçkilərinə getməsi isə onun gözlədiyinin əksinə acı məğlubiyyətlə nəticələndi.
Özünü siyasi oyunlar ustası kimi təqdim etməyə çalışmasına baxmayaraq, Makronun rejiminin əsas rəqib kimi fokuslandığı Marin Le Penin Milli Birlik Partiyasının yox, solçuların koalisiyası olan Yeni Xalq Cəbhəsinin parlement seçkilərində mütləq üstünlüyə nail olması vəziyyəti daha da dərinləşdirdi. Seçkilərdən sonra solçuların koalisiyasının lideri hesab olunan “Təslim olmayan Fransa” Partiyasının rəhbəri Jan-Lük Melanşonun Makrona istefa verməsi üçün çağırışlar etməsi əslində Fransa prezidentinin nə qədər mürəkkəb bir perioda daxil olduğunu göstərir. Makronun koalisiyalarla müvvəqqəti də olsa, sabitliyə nail olub hökumət qura bilməsi proseslərdə səngiməyə səbəb olsa da, büdcə müzakirələri və Fransa hakimiyyətinin yenidən imkanları xaricində olan hədəflər müəyyən etməsi siyasi ab-havanı yenidən gərginləşdirdi. Nəticədə solçuların koalisiyasının qəti tələbi ilə Barnye istefaya getməyə və Makron isə bu istefanı qəbul etməyə məcbur oldu. Prosesləri təhlil edərkən birmənalı şəkildə demək olar ki, bu ölkədə baş verənləri yalnız siyasi qüvvələrin toqquşması kimi qiymətləndirmək sadəlövhlükdür. İlk növbədə, ona görə ki, Fransada sağçılar, solçular və liberallar arasında qarşıdurma tarixən mövcud olmuşdur, hətta 1962-ci ildə bugünkünə bənzər hökumət böhranı yaşanmışdır. Lakin bu dəfə vəziyyət çox fərqlidir. Makronun yeni imperiya xəyalına düşməsi, lakin mövcud reallıqların isə tamamilə fərqli situasiya diktəsi ziddiyyətlərin kökündə dayanır.
İlk növbədə, sirr deyil ki, Fransanın özünün daxilində ciddi siyasi iqtisadi və hüquqi problemlər mövcuddur. Bu ölkə Avropada faşizmin XXI əsrdə dirçəldiyi coğrafiyaya çevrilmiş, fransız olmadığına görə yüz minlərlə insanın təqibə məruz qaldığına şahidlik etməkdəyik. Əhalinin sosial durumunun kəskinləşdiyi bir məqamda büdcə xərclərinin daha çox imperialist niyyətlərə yönəlməsi fonunda, təbii ki, prosesin daxili siyasi qarşıdurma müstəvisinə keçəcəyi gözlənilən idi. Maraqlıdır ki, Napaleon olmaq eyforiyasına düşən Makron bu reallıqları görməzdən gəlməyə başlamış, neokolonializm siyasəti gücləndirməyə üstünlük vermişdi. Üstəlik, qlobal miqyasda bu təhlükəli gedişin görməzdən gəlinməsi Makron rejimini daha da azğınlaşdırır, cinayətlərə sövq edir, yeni coğrafiyalarda, o cümlədən Cənubi Qafqazda beynəlxalq hüquqazidd davranışları meydana çıxarır.
Lakin Qoşulmama Hərəkatının sədri qismində Ərəb Dövlətləri Liqasının Əlcəzair sammitində cənab İlham Əliyevin bu gedişata son qoyması Fransanın əsl mahiyyətini ifşa etdi. Bu, eyni zamanda qlobal miqyasda Fransa mifini də qırdı. Dünyada, o cümlədən Cənubi Qafqazda ciddi xarici siyasət fiaskosu onsuz da güclə tarazlığını saxlayan Makron üçün öldürücü zərbə oldu. Daxildə sosial-iqtisadi zəmində səbatsızlıq isə vəziyyəti daha da gərginləşdirərək cari siyasi böhran mənzərəsini labüdləşdirdi. Bu mənada, əminliklə demək olar ki, bu gün Fransa Makron diktaturasının məsuliyyətsizliyinin qurbanına çevrilib.
Bəhruz MƏHƏRRƏMOV,
Milli Məclisin deputatı.