Mayın 8-də cari ilin 9-cu və 11-ci sinif şagirdləri, həmçinin əvvəlki illərin məzunları üçün Azərbaycan dili (dövlət dili kimi) fənni üzrə imtahan keçiriləcək.
Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, imtahanda ümumilikdə 20555 şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulur.
Dövlət İmtahan Mərkəzi tərəfindən 2022-ci il mayın 8-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək. Mayın 8-də ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün də Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçiriləcək.
İmtahan ümumilikdə 21 şəhər və rayonda, 95 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək lazımdır.
Cari ilin 9-cu və 11-ci sinif şagirdləri buradan, əvvəlki illərin məzunları isə buradan “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.
İştirakçılar imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
– imtahana buraxılış vərəqəsini;
– şəxsiyyəti təsdiq edən sənədin əslini.
a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan şagirdlər də daxil olmaqla) şəxsiyyət vəsiqəsini;
b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;
– Şəxsiyyət vəsiqəsində şəkli olmayan şəxslər digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa şagirdin 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).
İmtahanda iştirakçılara 30 tapşırıq təqdim olunur:
dinləyib-anlamaya dair 1 mətn və mətnə aid 4 tapşırıq (3 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq);
dil qaydaları üzrə bilik və bacarıqların yoxlanması üçün 10 qapalı tipli tapşırıq;
oxuyub anlamaya dair 2 mətn və hər mətnə aid 8 tapşırıq (7 qapalı və yazılı şəkildə cavablandırılması tələb olunan açıq tipli 1 tapşırıq).
İmtahanın müddəti 1 saat 30 dəqiqədir.
Cari il imtahan iştirakçılarının toplaya biləcəkləri maksimum bal 100 baldır. Bu imtahanın nəticəsi şagirdin yekun attestasiya sənədinə yazılacaq.
Ali və ya orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün isə abituriyentlərin balı 50 və daha yuxarı olduqda “məqbul” qiymət almış hesab olunurlar.
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları imtahanda 30 bal toplaya bilərlər. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
İmtahanda ümumilikdə 20555 (Bakıda 13677, Sumqayıtda 755, Abşeronda 723, Naxçıvanda 46, Gəncədə 1383, Şəmkirdə 96, Tovuzda 189, Mingəçevirdə 186, Yevlaxda 121, Şəkidə 132, Zaqatalada 302, Balakəndə 242, Qəbələdə 204, Qaxda 169, Bərdədə 241, Göyçayda 227, Şirvanda 339, Lənkəranda 354, Qubada 224, Qusarda 473, Xaçmazda 482) şagirdin (abituriyentin) iştirakı nəzərdə tutulub.
İmtahanın idarə olunması üçün 95 ümumi imtahan rəhbəri, 248 imtahan rəhbəri, 1913 nəzarətçi-müəllim ayrılıb, 190 buraxılış rejimi əməkdaşı (mühafizə), 95 bina nümayəndəsi ayrılıb.