Əfsanəvi braziliyalı futbolçu Pele Fransanın “Pari Sen-Jermen” (PSJ) futbol komandasının hücumçusu Kilian Mbappenin oyunu haqqında fikirlərini bildirib.
“Yeni Gündəm” xəbər verir ki, bu barədə “La Gazzetta dello Sport” məlumat yayıb.
“Mbappe mənim varisim ola bilər, zarafat etmirəm. “Mən onun sürətlə oynamaq qabiliyyətində çox şey görürəm. O, tez düşünən hücumçudur. Nə vaxt ki, top gəlir, o artıq bilir ki, nə etmək, hara qaçmaq və necə oynamaq lazımdır. Bunlar bugünkü futbolda əhəmiyyətli xarakteristikalardır”, – Pele deyib.
Xatırladaq ki, Mbappe PSJ-yə 2017-ci ilin yayında “Monako”dan keçib. Hücumçu əvvəlcə Paris komandasına icarə əsasında qoşulub. O, Birinci Liqanın cari mövsümündə 23 matçda iştirak edərək, 18 qol vurub və 6 məhsuldar ötürmə edib. Çempionlar Liqasında həmçinin Mbappenin aktivində 6 oyunda 5 qol və 3 məhsuldar ötürmə var.
Bundan əvvəl Fransanın idman naziri Roksana Marasinyanyu Kilian Mbappeni Fransadan getməməyə, Birinci Liqada qalmağa çağırıb.