Qardaş Türkiyənin bir sıra bölgələrində, şəhərlərində olsam da, mənim üçün hər zaman maraqlı olan Diyarbakır elinə ilk dəfə ayaq basmaq qismət oldu. Oktyabrın 14-17-də Türkiyə Kültür və Turizm Bakanlığının təşkilatçılığı ilə bölgədə keçirilən Türkiyə Kültür Festivalı çərçivəsində Diyarbakırda olduq. Səfərdə Türk dünyasının müxtəlif yerlərindən gəlmiş media təmsilçiləri bir arada idi.
Diyarbakırda olduğumuz 3 gün ərzində bu qədim diyarın tarixi yerlərində, mədəniyyət mərkəzlərində olduq. Tarixin ən dərin qatlarını özündə daşıyan şəhərin bu günkü inkişaf dinamikasını da müşahidə etdik.
Diyarbakır həqiqətən unikal bir yerdir. Mədəniyyətlərin, dinlərin, etnosların qovuşduğu bir diyardır. Bunu, şəhərdə mövzud olan müxtəlif dinlərə, millətlərə məxsus dini mərkəzlər də sübut edir. Və biz o mərkəzlərin bir çoxunu ziyarət etmək imkanı əldə etdik.
Diyarbakır bizim üçün həm də ona görə əzizdir ki, Azərbaycan xalqının təşəkkülündə mühüm rol oynamış, dövlətçilik tariximizin ayrılmaz parçası olan Ağqoyunlu dövlətinin mərkəzi olmuşdur.
Diyarbakır gəzintimizdə diqqətimizi daha çox çəkən də, qayıtdıqdan sonra da haqqında düşündüyüm, araşdırmağa çalışdığım Zerzevan qala kompleksi oldu.
Zerzevan qalası — Diyarbakır və Mardin vilayətləri arasında yerləşən tarixi tikili və hərbi bazanın qalıqları olan kompleksdir. Roma İmperiyası dövründə sərhəd qarnizonunun yerləşdirildiyi yer olmuşdur. Ərazidə aparılan arxeoloji qazıntılar yeraltı tikililərin mövcudluğunu və bunların arasında Mitraizm məbədi olduğunu ortaya çıxardı. Ərazi turizm üçün qismən açıqdır.
Zerzevan qalası, Şərqi Roma İmperiyası tərəfindən Diyarbakır və Mardin arasındakı qədim ticarət yolu üzərində hərbi baza olaraq inşa edilib.
Qalanın içərisindəki geniş ərazidə xarabalıqlar və nekropol yerləşir. Qalanın aşağı hündürlüklü şimal hissəsində yaşayış yerləri və küçələr salınmış, cənubdakı daha yüksək ərazidə isə ictimai binalar tikilmişdir. Şərq və qərbə baxan kilsə ən yaxşı qorunan ictimai binalardan biri olaraq qalır. Digər ictimai binalara saray, inzibati bina, hamam, taxıl anbarı, hərbi anbar və 54 yealtı su anbarı daxildir. Qala Bizans imperiyası dövründə hərbi baza və strateji qarnizonun yaşayış məntəqəsi idi. Qalanın içərisində tapılan bəzək əşyaları mülki əhali və hərbi personalın, ailə üzvləri ilə birlikdə yaşadıqlarını göstərir.[4] Bura min nəfərə yaxın bir əhalini təmin etmək üçün kifayət qədər böyük idi.
İlk inşa tarixi bəlli deyil və bununla birlikdə Aşşur dövründə ərazidə Kinabu olaraq adlandırılan bir qalanın varlığı irəli sürülub.
Ərazi Bizans İmperiyası ilə Sasanilər İmperiyası arasında ağır döyüşlərin şahidi olub.
Mövcud tapıntılar qalanın bizim eranın 3-cü yüzilliyinə qədər istifadə edildiyini və 639-cu ildə İslam ordusunun gəlişinə qədər qorunduğunu göstərir.
2016-cı ildə yeraltı kilsə və gizli keçidlər aşkar edildi. Aşkar edilmiş yeraltı gizli keçid yolu təxminən 3000 il ərzində istifadə edilməmiş və yeraltı kilsə təxminən 1500 il əvvəl bağlanmışdı.
Qalada həmçinin 400 nəfərlik bir miraist yeraltı məbədi və yeraltı ziyarətgahı aşkar edilib. Bu yeraltı məbəd qalıqları rəsmi şəxslərin verdiyi məlumata görə cəmi bir həftə ərzində 20 mindən çox turisti cəlb edir. 2017-ci ildə daha dörd yeraltı yer kəşf edilib, burada onları qazmaq üçün əlavə qazıntı işləri aparılıb.
Qazıntı işlərinin təxminən 30 il davam edəcəyi gözlənilir.
Tarixin bir çox sirlərini özündə gizlədən və bir çox tarixi qovğalara şahidlik etmiş Diyarbakırı təkrar ziyarət etmək diləyi ilə bu qədim diyardan ayrılırıq.