Mədəniyyətlərin qovuşduğu məkanbackend

Mədəniyyətlərarası Dialoq Forumu artıq çox mühüm və nüfuzlu beynəlxalq platformadır. Mayın 1-də Bakıda keçirilən “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda 110 ölkənin nümayəndəsi iştirak etdi.

Forumda çıxış edən Prezident İlham Əliyev vurğuladı ki, “Bakı Prosesi” mədəniyyətlərarası dialoqu təşviq edir. Azərbaycanın təşəbbüsü  ziyalıları, siyasətçiləri, qərar qəbul edənləri, media nümayəndələrini, vətəndaş cəmiyyətinin nümayəndələrini, vətəndaş cəmiyyətini bir araya gətirir. Dünyada əfsuslar olsun ki, yeni münaqişələr, yeni qeyri-sabitlik məkanları və yeni təhdidlər meydana gəlir. Ölkə başçısı məsələlərin həllində Azərbaycanın öz təcrübəsi olduğunu diqqətə çatdırdı.

Əsrlər boyu Azərbaycan mədəniyyətlərin qovuşduğu məkan olub. Ölkəmizin coğrafi mövqeyi, Şərq ilə Qərb arasında yerləşməyi bu tendensiyaya imkan yaradıb. Çoxmədəniyyətli və böyük etnik müxtəlifliyə malik olan Azərbaycan cəmiyyəti əsrlər boyu ən mühüm dəyərləri – tolerantlığı, qarşılıqlı hörməti, dostluq və tərəfdaşlıq kimi dəyərləri qoruyub. Forumda  Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanda yaşayan insanlar, müxtəlif etnik qrupların və dinlərin təmsilçiləri bir ailə kimi yaşayırlar. Onlar Azərbaycanın dəyərli vətəndaşlarıdır, dövlətimizin, dövlətçiliyimizin əsl vətənpərvər insanlarıdır. Azərbaycan daxilində hər zaman müsbət mədəniyyətlərarası dialoq olub. Azərbaycan xalqı bunu gündəlik həyatında nümayiş etdirib. Multikulturalizm Azərbaycan vətəndaşları üçün həyat tərzidir.

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda ölkə başçısı onu da qeyd etdi ki, Azərbaycan müstəqilliyinin ilk illərində çox çətinliklər yaşadı, ancaq bu vəziyyətdən çıxa bildi. Azərbaycanı parçalamaq cəhdləri var idi və məhz aqressiv separatçılıq var idi. Bütün bunlar Azərbaycan xalqının məhz həmrəyliyini, birliyini sınağa çəkdi. Buna görə milli maraqların qorunması ölkəmizin uğuru üçün çox vacib amil idi.

Mədəniyyətlərarası dialoq Azərbaycanda güclü şəkildə təşviq edilir. Ölkəmizdə çoxsaylı tədbirlər təşkil olunur. Bu tədbirlər dinlərarası dialoqla bağlıdır. Çünki dini nümayəndələrin rolu dünyada bütün xalqlar üçün vacibdir.  Azərbaycan qəti şəkildə çoxtərəfliliyə sadiqdir. Ölkəmiz çoxtərəflilik dəyərlərini 120 ölkənin üzv olduğu Qoşulmama Hərəkatında 2019-cu ildən bu ilin əvvəlinə qədər fəal şəkildə təşviq edib.

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Prezident İlham Əliyev bəzi ölkələrin çox ağrılı-acılı müstəmləkə tarixçəsi olduğuna diqqət çəkərək bildirdi ki, həmin ölkələrin səsi dinlənilməlidir və onlar yaddan çıxarılmamalıdır. Həmçinin yeni müstəmləkə tendensiyalarına qarşı mübarizə aparılmalıdır. XXI əsrdə bəzi Avropa ölkələrinin digər xalqlara müstəmləkə kimi yanaşmasına əsla imkan verilməməlidir. Dünya məcburi assimilyasiyaya aparan iyrənc neokolonializm təcrübəsinə göz yummamalıdır. Forumda Prezident İlham Əliyev bəyan etdi ki, Avropa təsisatları bəzən çalışırlar Avropada olmayan ölkələrin daxili işlərinə müdaxilə etsinlər. Amma Avropa Parlamenti və AŞPA bununla bağlı səsini çıxarmır. Çünki yeni müstəmləkə tendensiyaları yenə də davam edir.

“Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan həqiqətlərini növbəti dəfə diqqətə çatdıran Prezident İlham Əliyev ölkəmizdə keçiriləcək COP29-a hazırlıq prosesindən və bu istiqamətdə olan planlardan da geniş bəhs etdi.

Cavid Osmanov

YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı