“Yeni Gundem” xəbər verir ki, Binəqədi Gənclər Evində Media Tədris Mərkəzinin tələbələrinə sertifikat təqdimetmə mərasimi keçirilib. Tədbiri çıxış sözü ilə açan mərkəzin direktoru Elnarə Dərziyeva 3 il əvvəl peşəkar televiziyaçı, jurnalist yetişdirmək məqsədi ilə yaradılan tədris mərkəzinin fəaliyyətindən danışıb.
“Bu 3 il müddətində 30-dan çox tələbənin yolu bizim tədris mərkəzindən keçdi. Bu müddətdə digər televiziyaçı həmkarlarım, tanınmış jurnalist və aparıcılar, media ekspertləri, müxtəlif dövlət qurumlarının mətbuat katibləri və jurnalistika peşəsinin tədris edən universitet müəllimləri ilə birlikdə bildiklərimizi tələbələrimizə öyrətməyə çalışdıq. Onların arasında jurnalist, aparıcı, opertor, montajçı, smm və rəqəmsal media üzrə mütəxəssis peşəsinə yiyələnənlər də oldu, kamerafobiyasını, səhnə həyəcanını dəf etmək, düzgün nitqə, diksiyaya sahib olmaq istəyənlər də… Media Tədris Mərkəzini bitirənlər hazırda mənimsədikləri sahələr üzrə müxtəlif media qurumlarında çalışırlar. Bu il isə 10 yaxın məzunla vidalaşırıq. Yolunuz açıq olsun! Hər birinizə jurnalistika fəaliyyətinizdə uğurlar diləyirəm”, – deyə, Əməkdar jurnalist Elnarə Dərziyeva tələbələri təbrik edib.
Çıxış edən spikerlər gələcəyin jurnalistlərinə sosial medianın öndə olduğu müasir jurnalistikada, müasir tendensiyalardan söz açıblar. İstənilən situasiyada məsuliyyətli olmağı, mövzuya qərəzsiz və obyektiv yanaşmağı və ən əsası imzalarına hörmətlə yanaşmağı tövsiyə ediblər.
Tədbirdə məzun tələbələrə də söz verilib. Onlar Media Tədris Mərkəzində təhsil aldıqları müddətdə əldə etdikləri biliklərdən, təlimlərin, nəzəriyyə və təcrübənin yüksək təşkilindən danışıblar. Əməyi keçən müəllimlərə təşəkkürlərini bildiriblər.
Sonra ustad dərslərə qatılan media ekspertlərinin iştirakı ilə 6-8 aylıq kursları uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunub. Xatirə fotoları çəkilib.