Məktəb mühafizəçisini qətlə yetirməkdə təqsirləndirilən direktor müavininin məhkəməsində direktor ifadə verdibackend

Bakıda 55 nömrəli məktəbin mühafizəçisi Natiq Mehdini öldürməkdə təqsirləndirilən direktor müavini Elsevər İslamovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə 55 nömrəli orta məktəbin direktoru Yaqut Kərimli ifadə verib.

O bildirib ki, hadisə qeyri-iş günü baş verib:

“İşə qayıdanda Natiq Mehdinin işdə olmadığını öyrəndim. İki gün sonra onun bacısı oğlu məktəbə yaxınlaşıb dedi ki, Natiq evə gəlməyib. Daha sonra polislər gəlib məktəbin kameralarını yoxladılar. Yoxlamadan sonra Elsevər müəllimi apardılar. Hadisədən bir müddət əvvəl Elsevər müəllim mənə Natiqin məktəbin qapısını açıq qoyaraq getdiyini, onunla əlaqə saxlaya bilmədiyini demişdi. Bundan başqa onlar barədə mənə hər hansı bir şikayət daxil olmayıb”.

Direktorun sözlərinə görə, o, Elsevər İslamova məktəbin anbarı ilə bağlı sənədləri doldurmadığı üçün töhmət verib. Yaqut Kərimli əlavə edib ki, Elsevər İslamov sözügedən məktəbdə ondan əvvəl çalışıb və kollektivə qarşı münasibəti yaxşı olub.

“Elsevər müəllim kollektivə qarşı mehriban idi. Müəllimlərdən hər hansı bir xəstələnəndə öz maşını ilə evinə aparır, lazımı köməklik göstərirdi. Natiq bəylə olan münasibətini müşahidə etməmişəm, onlar barəsində hər hansı bir şikayətlə qarşılaşmamışam. Natiq Mehdi gecə gözətçisi idi. Hadisədən iki ay əvvəl Elsevər mənə Natiqi yatan zaman gördüyünü demişdi”, – şahid deyib.

Yaqut Kərimli bildirib ki, hadisə barədə məlumatı hüquq mühafizə orqanları məktəbə gələndə alıb və onların tapşırığı ilə məktəb kameralarına baxış keçirilib.

“Məktəbin kameralarından qeydə alınan görüntülərə baxdıq. Görüntü bulanıq olsa da, iki şəxs görünürdü. Görüntüdən Natiq Mehdinin yerdə, Elsevər müəllimin isə ayaq üstə olduğunu müəyyən etmək olardı”, – deyə şahid bildirib.

Proses martın 5-də davam etdiriləcək.

Qeyd edək ki, hadisə ötən il Bakının Xətai rayonundakı 55 saylı məktəbdə qeydə alınıb.

İttihama görə, Natiq Mehdi saat 23 radələrində iş yoldaşı 1966-cı il təvəllüdlü İslamov Elsevər Eldar oğlu tərəfindən qəsdən öldürülüb.

Elsevər İslamov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 245 ci-(qəbir üzərində təhqiredici hərəkət), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, yaxud silah və digər xüsusi vasitələrdən istifadə etməklə törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələri üzrə ittiham olunub.

Report