Bu gün ölkəmizin hər yerində xalqımız tərəfindən keçən il Xankəndi və ətraf ərazilərindəki erməni terrorizminə qarşı dövlətimizin uğurla həyata keçirdiyi anti-terror əməliyyatında canından və həyatından keçmiş qəhrəman və əziz Şəhidlərin birinci ildönümü-anma günü qeyd edilir. 19-20 Sentyabr çağdaş Azərbaycanın tarixinin şücaət və rəşadət günü kimi qan yaddaşımıza əbədi həkk olacaqdır.
Məhz buna görə də, bu gün möhtərəm Prezidentimizin imzaladığı sərəncamla
20 Sentyabr Dövlət Suverenliyi günü kimi dövlətçilik tariximizə daxil oldu. Nəsimi və Binəqədi rayon seçicilərim və öz adımdan Müzəffər Ali Baş Komandanımıza, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə sonsuz təşəkkür edirik. 20 sentyabrın Azərbaycanda Dövlət Suverenliyi günü kimi təsis edilməsi çağdaş tariximizin şanlı səhifələrinə qızıl hərflərlə yazılacaqdır. Şəhidlərimizin qanı ilə yazılan bu qürurverici tarix gələcək nəsillər üçün ləyaqət və qəhrəmanlıq nümunəsi kimi olacaqdır. Bu şərəfli günlərdə 20 Sentyabr Dövlət Suverenliyi Günü və 27 Sentyabr Şəhidləri Ümumrespublika Anma Günü münasibətilə Respublikamızın ərazi bütövlüyü və suverenliyinin bərpası uğrunda canından keçmiş əziz Şəhidlərimizin ruhları qarşısında baş əyir və onların xatirəsini ehtiramla yad edirik. Allah rəhmət etsin! Amin!
Belə bir müqəddəs günlərdə Nəsimi və Binəqədi seçicilərim olan Şəhid və qazi ailələri ilə bir yerdə olmaq ən vacib və ümdə borcumuzdur.