“Mənim motivasiyam ailəmdir” – Safura + Videobackend

“Eurovision” beynəlxalq mahnı müsabiqəsi barədə bəhs edən Avropanın məşhur “WiwiBloggs.com” portalı 2010-cu ildə həmin müsabiqədə Azərbaycanı təmsil edən Safura Əliyevadan müsahibə alıb və onun yeni “Hign on your love” mahnısını dinləyicilərə təqdim edib.

“Musiqi həmişə mənim içimdə yaşayır, mənim motivasiyam isə ailəmdir”, – S.Əliyeva “WiwiBloggs.com”a müsahibəsində danışır. O, ilk dəfə ana olduqdan sonra musiqi barədə düşünməyə sadəcə vaxtının olmadığını deyib: “Daha sonra fikirləşdim ki, əgər mən səhnəyə qayıtmayacağamsa, ola bilsin, bunu hobbi kimi edə bilərəm. Bütün dünyada insanlar məndən yeni mahnılar buraxmağımı xahiş edir. Ona görə də mən “High on your love”ı buraxmağa qərara aldım, ümid edirəm, mahnı xoşlarına gələcək”.

“Bu mahnı sevgi və ehtiras haqdadır, o, bütün sevən insanlar üçündür”, – Safura yeni mahnısı barədə deyib.

S.Əliyeva növbəti dəfə “Eurovision”da çıxış etmə ehtimalından da bəhs edib: “Beynəlxalq müsabiqədə öz ölkəni təmsil etmək böyük zövq və məsuliyyətdir. Amma düşünürəm ki, “Eurovision”da bir dəfə iştirak etmək yetərlidir”.

““Eurovision” – miqyaslı və asan olmayan müsabiqədir. “Drip-drop” dünyadakı insanların qəlblərində bu gün də yaşayır. Mahnını tədbirlərdə eşitmək olar, Yutubda isə çoxlu kaverləri var. Bu, böyük uğurdur və bu, mənim üçün qalibiyyətdən daha vacibdir”, – Əliyeva əlavə edib.

Xatırladaq ki, Azərbaycanı “Eurovision – 2010”da təmsil edən Safura Əliyeva 2013-cü ilin yayında ailə həyatı qurub. Biznesmen Fərhad Əliyevə ərə gedən ifaçı peşəkar karyerasına son qoyub. 2014-cü ildə cütlüyün İskəndər adlı oğlu dünyaya gəlib. 2017-ci ildə Safura və Fərhad Əliyevlərin ailəsində növbəti dəfə artım olub. Onların Aişa adlı qız övladları doğulub. 2019-cu ilin mayında isə cütlüyün üçüncü övladı – Natiq adlı oğlu dünyaya gəlib.

Bir müddət əvvəl S. Əliyevanın “High on your love” mahnısı ilə yenidən səhnəyə qayıdacağı barədə xəbərlər yayılsa da, o, bunları təkzib etmiş və şou-biznesə qayıtmadığını, sadəcə olaraq bir mahnını Yeni il hədiyyəsi kimi dinləyicilərinə təqdim etdiyini bildirmişdi.