Mərkəzi Bank dollar satışına başlayacağını istisna etmədi – devalvasiya ehtimalı…backend

Mərkəzi Bank dollar satışına başlayacağını istisna etmədi – devalvasiya ehtimalı…

Azərbaycan Mərkəzi Bankı faiz dərəcələrinin dəyişməməsinə qərar verib. Qurumdan “Yeni Müsavat”a verilən məlumata görə, İdarə Heyətinin bu gün aldığı qərarı ilə uçot dərəcəsi 7.25 faiz, faiz dəhlizinin aşağı həddi 6.25faiz, faiz dəhlizinin yuxarı həddi isə 8.25 faiz səviyyəsində dəyişməz saxlanılıb.

Tənzimləyicinin açıqlamasına görə, uçot dərəcəsinin dəyişməz saxlanılması ilə bağlı qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəfdə (4±2%) olması, inflyasiyanın daxili və xarici amillərinin dinamikası nəzərə alınmaqla qəbul olunub. Bildirilir ki, ötən iclasdan bəri illik inflyasiya yüksəlsə də, hədəf diapazonu (4±2 faiz) daxilində olub. Belə ki, 2024-cü ilin avqust ayında 12 aylıq inflyasiya 3.5 faiz, ərzaq malları üzrə inflyasiya 3 faiz, qeyri-ərzaq malları üzrə 1.8 faiz, xidmətlər üzrə 5.6 faiz təşkil edib. İllik baza inflyasiya isə 2.4 faiz olub.

AMB-yə görə, inflyasiyanın xarici fonu ümumilikdə sabitdir. Bu dövrdə manatın nominal effektiv məzənnəsinin (2024-cü ilin 8 ayında 2.8 faiz) bahalaşması idxal inflyasiyasının azalmasına əlavə töhfə verib.

Ölkənin tədiyə balansının cari əməliyyatlar hesabında 2024-cü ilin ilk 6 ayında 2.6 milyard ABŞ dolları və ya ÜDM-in 7.5 faizi səviyyəsində profisit olub. Cari hesabın başlıca komponenti olan xarici ticarət balansında 2024-cü ilin ilk 8 ayında 5.5 milyard ABŞ dolları məbləğində müsbət saldo qeydə alınıb. Ölkənin strateji valyuta ehtiyatları 8 ayda 6.1 faiz artaraq 72.6 milyard ABŞ dollarına çatıb.

Mərkəzi Bank cari ilin sonlarına doğru ölkədə xarici valyutaya artan tələbi nəzərə alaraq öz ehtiyatlarından bazara intervensiya etməsini mümkün sayır: “Cari ilin 8 ayında dövlətin birbaşa valyuta xərclərinin (o cümlədən xarici dövlət borcuna xidmət) artımı, eləcə də ölkədə fəaliyyət göstərən müəssisələr tərəfindən ticarət kreditləri üzrə öhdəliklərin azaldılması ilə bağlı artan valyuta tələbi Mərkəzi Bankın təşkil etdiyi valyuta hərraclarında tam təmin edilib. İlin qalan dövründə dövlətin birbaşa xarici valyutada artan xərclərinin (COP29 və digər dövlət xərcləri) icrasına dəstək məqsədilə Mərkəzi Bankın valyuta bazarına satış yönlü müdaxiləsi istisna olunmur. Bu əməliyyatlar Mərkəzi Bank tərəfindən 2022-2023-cü illərdə valyuta bazarına edilmiş 4.2 milyard ABŞ dolları həcmində alış yönlü müdaxilə nəticəsində əldə edilmiş xarici valyuta hesabına aparılacaq. Gözlənilən satış yönlü valyuta müdaxiləsi həm də əvvəlki illərdə alışyönlü valyuta müdaxiləsi hesabına artan pul kütləsinin bir hissəsini sterilizasiya etməyə imkan verəcək”.

AMB xarici ticarətdəki profisiti qeyd edir. Lakin onun həcmində kəskin azalma gedir. Belə ki, Dövlət Gömrük Komitəsinin rəsmi statistikasına əsasən 2024-cü ilin yanvar-avqust aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 12.7 faiz azalaraq 30 milyard 995.42 milyon ABŞ dolları təşkil edib. Son bir ildə ölkə üzrə ixrac 25.1 faiz azalaraq 18 milyard 231.54 milyon ABŞ dolları, idxal isə 14.5 faiz artaraq 12 milyard 763.88 milyon ABŞ dolları təşkil edib.

Beləliklə, xarici ticarət dövriyyəsində 5 milyard 467.66 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 2,4 dəfə azalma deməkdir.

Valyuta axınının azalması fonunda ona olan tələbat böyük sürətlə artır. Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 4 milyard 795,2 milyon ABŞ dolları məbləğində satış olub. Mərkəzi Bankın məlumatına əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur.

Təkcə avqust ayında valyuta satışının məbləği 649,1 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 43,6 faiz çoxdur.

Tənzimləyicinin açıqlamasına əsasən, pul siyasəti alətləri maliyyə bazarlarında gedən proseslər və bank sisteminin likvidlik mövqeyindəki dəyişikliklər nəzərə alınmaqla tətbiq edilir. Mərkəzi Bank hökumət hesabları qalıqlarının dəyişiminin bank sistemindəki likvidliyə təsirini nəzərə alaraq sterilizasiya əməliyyatlarının ilin əvvəlindən həcmini kəskin azaldıb. Belə ki, Mərkəzi Bankın emissiya etdiyi notların həcmi cari ilin 8 ayında 45.6 faiz azalıb. Avqust ayında 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7.28 faiz olmaqla (iyulda 6.96 faiz) faiz dəhlizinin daxilində uçot dərəcəsinə yaxın formalaşıb. Ümumilikdə 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı fərq avqustda tarixi minimumuna enib. Avqustda iş günlərinin 59 faizində 1D AZIR indeksi ilə uçot dərəcəsi arasındakı spred 0.05 faizi (həm müsbət, həm də mənfi spred) keçməyib. Təminatsız bazarda 1 gün ərzində baş tutan əməliyyatların orta həcmi də avqust ayında maksimum həddə (534 milyon manat) çatıb.

AMB bildirir ki, iyulda baş tutan ötən iclasdan bəri inflyasiyanın risk balansında əhəmiyyətli dəyişikliklər baş verməyib: “Tərəfdaş ölkələrdə inflyasiyanın və dünya bazarında əmtəə qiymətlərinin dəyişkənliyi başlıca xarici inflyasiya riski hesab olunmaqdadır. Aparıcı iqtisadiyyatlarda monetar şərait sərt olaraq qalır. Lakin dünyada inflyasiya təzyiqlərinin azalması şəraitində aparıcı ölkələrdə mərkəzi bankların faizləri tədricən azaldacağı ehtimalı yüksəlir. İnflyasiyanı artıra biləcək daxili risk faktorlarına isə xərc amillərinin aktivləşməsi, habelə büdcə xərclərinin artımı (cari ilin 8 ayında ö.i.m.d.n. 8.3 faiz) və kredit qoyuluşlarının genişlənməsi vasitəsilə məcmu tələbin izafi artımı aiddir. Qeyd edək ki, son 1 il ərzində bank sisteminin kredit portfeli 19.5 faiz, o cümlədən biznes kredit portfeli isə 18.4 faiz artıb”.

Mərkəzi Bankda hesab edirlər ki, ümumilikdə, mövcud monetar şərtlər inflyasiyanın hədəf diapazonu daxilində saxlanılmasına və inflyasiya gözləntilərinin sabitləşdirilməsinə yönəlib: “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə 2024-cü ilin sonuna və 2025-ci ildə illik inflyasiyanın hədəf daxilində (4±2%) olacağı proqnozu sabit qalır”.

Mərkəzi Bank əsas makroiqtisadi göstəricilər üzrə yenilənmiş proqnozlarını 2024-cü ilin oktyabr ayının sonunda elan edəcək: “Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarlar faktiki və proqnozlaşdırılan inflyasiya, xarici və daxili risk amillərinin dinamikasından asılı olacaq. Faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərar barədə məlumat ictimaiyyətə 2024-cü il oktyabr ayının 30-da açıqlanacaq və bununla bağlı mətbuat konfransı keçiriləcək”.

Qeyd edək ki, Azərbaycan hökuməti gələn il Azərbaycanda inflyasiyanı 4,6 faiz proqnozlaşdırıb. Maliyyə Nazirliyinin təqdim etdiyi “Azərbaycan Respublikasının 2025-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair Açıqlama”ya əsasən, İqtisadiyyat Nazirliyi tərəfindən beynəlxalq təşkilatların əmtəə qiymətləri ilə bağlı proqnozları, manatın məzənnəsinin sabitliyi,eləcə də antiinflyasiya tədbirləri əsas götürülərək baza ssenaridə orta illik inflyasiya 2025-ci ildə 4,6 faiz proqnozlaşdırılıb. Bu göstəricinin tədricən azalaraq 2026-cı ildə 4 faiz, 2027 və 2028-ci illərdə isə 3,8 faiz olacağı gözlənilir.

İqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Mərkəzi Bank hazırda monetar siyasətində daha ehtiyatlı davranış nümayiş etdirir: “Burada təbii ki, xarici və daxili faktorlara görə müəyyən risklər var. Lakin buna baxmayaraq, hazırda mühit kifayət qədər sabit və proqnozlaşdırıla biləndir. Böyük ehtimalla, Mərkəzi Bank COP29 ərəfəsində baş verəcək xərcləmələrin yaratdığı riskləri də nəzərə almaqla, uçot dərəcəsini sabit saxlamaq yolunu seçib. Hansı ki, dərəcələrin azaldılması üçün müəyyən şərtlər də vardı. Bu baxımdan, Mərkəzi Bankın uçot dərəcəsi qərarını ehtiyatlı, konservativ, eyni zamanda cari şəraitə uyğun hesab etmək olar”.

AMB-nin COP29 ərəfəsində valyuta bazarına intervensiya etməsi ehtimalını istisna etməməsini ekspert tənzimləyicinin valyuta bazarında sabitliyin qorunması ehtiyacı ilə əsaslandırır: “Xüsusilə də COP29 ərəfəsində idxal ehtiyaclarının qarşılanması üçün valyutaya tələb ciddi şəkildə arta bilər. Mərkəzi Bank bazarda riskləri sığortalamaq, məzənnəni artıran təzyiqləri azaltmaq üçün həm manat kütləsini azalda, həm də bazara müdaxilə edə bilər. Bu iki addımla həm inflyasiyanın sürətlənməsinin, həm də manatın məzənnəsinin düşməsinin qarşısını almaq mümkündür. Düşünmürəm ki, valyutaya tələb devalvasiyaya gediləcək qədər kəskin və böyük olsun. Artım Mərkəzi Bankın kiçik həcmli müdaxilələri ilə rahatlıqla qarşılana biləcək həddə olacaq”.

R.Həsənovun fikrincə, açıqlanan büdcə parametrləri göstərir ki, Azərbaycan hökuməti neftin qiymətini 70 dollardan götürməklə ciddi bir riskə getmir: “Nüfuzlu analitik mərkəzlərin proqnozlaşdırmalarına baxsaq, heç birində dünya bazarında neft qiymətlərinin 70 dollardan aşağıya düşəcəyi gözlənilmir. Yəni mümkündür ki, neft qiyməti hətta bu həddən də yüksək olsun. Bu baxımdan, hökumətin dövlət xərcləmələrini cari ildəkindən də az proqnozlaşdırması kifayət qədər mühafizəkar yanaşmadır. Ümumilikdə götürsək, bu gün Azərbaycanda fundamental gəlir artımını təmin edəcək qeyri-neft iqtisadiyyatı yaradılmayıb. Bundan qaynaqlanaraq məhsul və xidmətlər ixracında neft ixracında azalma, yaxud qiymətlərin kəskin düşməsi halında ölkəyə zəruri valyuta axınını təmin edəcək səviyyədə artım təmin olunmayıb. Bu amili Azərbaycanda milli valyutanın məzənnəsi üçün ən böyük risk faktoru hesab etmək olar. Lakin ortamüddətli dövrdə bu faktorun devalvasiyaya gediləcək səviyyədə kəskinləşəcəyini də gözləmirəm”.