Mərkəzi Çağırış Komissiyasının növbəti iclası keçirilibbackend

28 iyul 2023-cü il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatında vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclası keçirilib.

Bu barədə “Yeni Gundem”-ə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimovun sədrliyi ilə keçən iclasda Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icra vəziyyəti və gündəliyə çıxarılan məsələlər müzakirə olunub.

Dövlət Xidməti tərəfindən Sərəncamın icrası müvəffəqiyyətlə davam etdirilir və Silahlı Qüvvələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə keyfiyyətlə komplektləşdirilməsi həyata keçirilir. Çağırışçıların Silahlı Qüvvələr üzrə bölgüsü prosesində operativliyin və şəffaflığın təmin edilməsi məqsədilə kompleks tədbirlərin həyata keçirildiyi diqqətə çatdırılıb. Çağırışçıların tibb müəssisələrində əlavə müayinələrdən keçirilməsinə nəzarətin gücləndirilməsi və tibbi şəhadətləndirmə işinin keyfiyyətinin artırılmasının əhəmiyyəti vurğulanıb.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi ilə həyata keçirilən strateji kursun və dövlət siyasətinin prioritetlərinə uyğun olaraq müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsi ilə bağlı Xidmət tərəfindən qısa müddət ərzində zəruri işlərin görüldüyü qeyd edilib.

Qeyd edək ki, Mərkəzi Çağırış Komissiyası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə yaradılıb və rayon (şəhər) çağırış komissiyalarının fəaliyyətinə nəzarət edir.