Bu gün Mətbuat Şurasının və Medianın İnkişafı Agentliyinin birgə təşəbbüsü ilə “Azərbaycanda media azadlığı: plüralizm prinsipləri və vətəndaş cəmiyyəti quruculuğuna dəstək” mövzusunda konfrans keçirilib.
“Yeni Gundem” xəbər verir ki, 3 may Ümumdünya Mətbuat Azadlığı Gününə həsr olunmuş toplantı Mətbuat Şurasında təşkil olunub.
Tədbirdə ulu öndər Heydər Əliyevin, şəhid jurnalistlərin və torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla anılıb.
MŞ sədri Rəşad Məcid çıxışında toplantı iştirakçılarına 3 may Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə təbrikini çatdıraraq əvvəlcə bu tarixin yaranmasından söz açıb. O bildirib ki, 1993-cü ildə BMT-nin Baş Məclisi YUNESKO-nun təklifini nəzərə alaraq, may ayının 3-nü “Ümumdünya Mətbuat Azadlığı günü” elan etdi.
MŞ sədri ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanda mətbuat azadlığının təmin edilməsi sahəsində gördüyü işlərdən söz açıb, onun iradəsi nəticəsində senzuranın rəsmən aradan qaldırılmasını önəmli cəhət kimi vurğulayıb. Ulu öndərin media qanunvericiliyinin təkmilləşdirilməsinə və zənginləşdirilməsinə yönələn, mətbuat işçilərinə diqqət və qayğını nəzərdə tutan tədbirlərini sadalayan R.Məcid bildirib ki, Heydər Əliyev medianın özünütənzimləmə strukturunun olmasına ciddi önəm verirdi: “Təsadüfi deyil ki, Mətbuat Şurasının təsis edildiyi Azərbaycan jurnalistlərinin 2003-cü il martın 15-də keçirilmiş birinci qurultayına təbrik məktubu da ünvanlamış, qurultayın işinə uğurlar arzulamışdı. Ulu öndər Heydər Əliyev mətbuata dəstəyinə görə “Jurnalistlərin dostu” adını qazanmışdı”.
R.Məcid bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərin media siyasətinə sadiqliyini nümayiş etdirməkdədir. Buna görə üç dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülüb: “Media təmsilçilərimiz bu fikrə gələrkən, dövlətimizin başçısının ölkədə bütün sahələrdə olduğu kimi, media sahəsində də apardığı geniş miqyaslı islahatları nəzərə alıblar. İsahatlar bu gün də davam edir. Məlum olduğu kimi, ötən il “Media haqqında” Qanun qəbul edildi. Medianın İnkişafı Agentliyi sənədin icrası istiqamətində mühüm addımlar atmaqdadır. Bu addımlar, həm media fəaliyyəti ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini, həm də mövcud sahədə nizam-intizam mühitinin formalaşdırılmasını rəhbər tutmaqdadır”.
R.Məcid çıxışında, həmçinin, yaşadığımız dövrdə informasiyanın cəmiyyətin mütəhərrikliyini təmin edən alət olmaqla yanaşı, eyni zamanda, onun təhlükəsizliyinə də, ayrı-ayrı fərdlərin yaşam tərzinə də təsir göstərən mühüm amil olduğunu diqqətə çatdırıb: “Biz jurnalistlər çalışmalıyıq ki, ölkəmizdə söz və ifadə azadlığı ilə bağlı mövcud əlverişli mühit xalqımızın, dövlətimizin inkişafı naminə ayrı-ayrı məqamların nəzərə alınmasını şərtləndirsin. Söz azadlığından sui-istifadə meylləri aradan qalxsın. Hesab edirəm ki, mənfi halların aradan qalxması sözün çəkisini daha da artıracaq və onunla daha çox hesablaşanlar olacaqdır. Nəzərə alaq ki, bu hesablaşma, eyni zamanda, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğunun dərinləşməsi baxımından müstəsna əhəmiyyət daşıyan faktordur”.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov çıxışında bildirib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Konstitusiyada söz, fikir və məlumat azadlığına dair konkret müddəalar öz əksini tapıb. O, bu müddəaların ölkəmizdə media sahəsində həyata keçirilən tədbirlərin çıxış nöqtəsi olduğunu vurğulayıb. Ötən il Milli Mətbuat Günündə Şuşa şəhərində keçirilən Beynəlxalq Media Forumunda Prezident İlham Əliyevin Azərbaycan jurnalistlərinə müraciətində qlobal informasiya məkanında ölkəmizin yüksək beynəlxalq nüfuzuna xələl gətirmək, daxili həyatına təsir göstərmək cəhdlərini doğuran səbəblərin və çıxış yolları barədə tövsiyələrin əksini tapdığını diqqətə çatdıran Ə.İsmayılov vurğulayıb ki, Azərbaycan müstəqil siyasət yürüdən, müasir, güclü, dövlətə çevrildiyi üçün müxtəlif səviyyələrdə dezinformasiya savaşının hədəfinə gəlir: “Çıxış yolu isə Azərbaycan mediasının güclü olması, ölkəmiz haqqında həqiqətlərin dünyaya çatdırılmasında, milli maraqlarımızın müdafiəsində sayıqlığımızı və fəallığımızı artırmaqdır”.
İcraçı direktor qeyd edib ki, rəhbərlik etdiyi qurum media sahəsində institusional quruculuq işlərinin davam etdirilməsi məqsədilə yaradılıb. “Mediaya yanaşmada dövlətin siyasi xəttinin fəlsəfəsi “Media haqqında” Qanunun ruhunda əks olunub. Belə ki, Qanunun “Media azadlığı” adlı 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında media azaddır. Media sahəsində dövlət senzurası, habelə bu məqsədlə dövlət orqanlarının (qurumlarının) və ya vəzifələrin yaradılması və maliyyələşdirilməsi qadağandır. Media sahəsində fəaliyyət azadlığı hər kəsin qanuni yolla informasiya axtarmaq, əldə etmək, hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat verilməsinə əsaslanır”, – deyə Ə.İsmayılov fikrinə aydınlıq gətirib.
MEDİA-nın icraçı direktoru çıxışında, həmçinin, “Media haqında” Qanundakı bir sıra məsələlərə toxunub, Agentliyin öz işini media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin formalaşdırılması, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması üzərində qurduğunu vurğulayıb.
Konfransda iştirakçılar tərəfindən 3 may Ümumdünya Mətbuat Azadlığı Günü ilə həmrəyliyini ifadə edən bəyanat qəbul edilib.
Bəyanatı MŞ sədrinin müavini, ATV telekanalının prezidentinin müşaviri Səadət Məmmədova səsləndirib.
Toplantıda çıxış edənlərdən MŞ sədrinin müavini Vüqar Zifəroğlu, Şuranın İdarə Heyətinin üzvləri – Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli, Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu, Bayraqdar Media-nın baş redaktoru Azər Həsrət, “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, həmçinin, “Azpost.info” saytının baş redaktoru Xaqani Səfəroğlu, “Avtosfer.az” saytının baş redaktoru Elməddin Muradlı və başqaları Azərbaycan jurnalistikasının beynəlxalq miqyasda söz və ifadə azadlığı ilə bağlı platformalarda iştirakının, jurnalistlərin xarici dil biliklərinin gücləndirilməsinə yönələn işlərin reallaşdırılmasının, ali məktəblərdə jurnalist ixtisası üzrə tədrisin daha da müasirləşdirilməsinin zəruriliyindən söz açıblar. Konfransda, həmçinin, ölkəmizdə media sahəsindəki bir sıra problemlərin, o cümlədən, jurnalist peşəkarlığı ilə bağlı məsələlərin geniş müzakirəsi aparılıb.