“Azərbaycan kapitala malik ölkədir və kapital mövqeyimiz güclüdür”.
Bunu Bakıda keçirilən, ümummilli lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Biz hər il ticarət balansında əhəmiyyətli məbləğdə profisit qeydə alırıq. Bu da təbiidir. Azərbaycan hökumətinin siyasəti ondan ibarətdir ki, ölkəyə sərmayə qoymaq yerli və xarici tərəfdaşlarla birlikdə kapital riskləri bölüşdürülsün. Biz buna hazırıq, bunun üçün alətlərimiz mövcuddur. İstənilən sənaye məhsulu enerji qaynaqlarının mövcudluğuna bağlıdır. Bu baxımdan da Azərbaycan çox uğurlu bir seçimdir. Azərbaycanın enerji ehtiyatları və həyata keçirdiyi tarif siyasəti ideal imkan yaradır ki, sənaye istehsalının ölkəmizdə qurulması cəlbedici olsun”, – deyə o qeyd edib.
“Azərbaycanın açıq dənizə çıxışı yoxdur. Bu, istənilən sənaye məhsulunun istehsalçısı üçün rəqabətdə müəyyən çatışmazlıq yaradır. Bunun qarşısını almaq üçün hökumət olaraq həm nəqliyyat xərclərinin qarşılanmasını, həm tarif siyasətinin tənzimlənməsini, həm əsas bazarlarda mövqelərin kommersiya şəklində götürülməsini təmin edirik. Başqa sözlə, hər zaman hədəfləyirik ki, Azərbaycanda istehsal edilən məhsulun ixrac edilməsi üçün həmin çatışmazlıqları aradan qaldıraq. Buna əmin ola bilərsiniz”, – deyə nazir əlavə edib./Report