Milli Hidrometeorologiya Xidmətinin əməkdaşlarının iştirakı ilə Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tələbələrlə maarifləndirici tədbir keçirilib.
“Yeni Gundem” xəbər verir ki, tədbir çərçivəsində əməkdaşlar “Azərbaycanda iqlim dəyişmələri fəaliyyətləri” mövzusunda çıxış edib. Tələbələrə dünyanı narahat edən qlobal problemlərdən biri olan iqlim dəyişmələri, ətraf mühitə mənfi təsirlər göstərən istixana qazlarının emissiyalarının dünya miqyasında sürətli artımı və Azərbaycanın da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmadığı barədə məlumatlar verilib.
Görüş zamanı Bakıda yüksək səviyyədə təşkil olunmuş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti, uzun müzakirələrdən sonra əldə olunan mühüm nəticələr tədbir iştirakçılarının nəzərinə çatdırılıb.
Sonda gənclərlə mövzu ətrafında geniş müzakirələr aparılaraq, onlara ətraf mühitin qorunması və mühafizəsi sahəsində görülən işlərdə hər birinin üzərinə böyük məsuliyyət düşdüyü qeyd olunub.