Səhiyyə Nazirliyi, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin birgə təşəbbüsü ilə dekabrın 13-14-də Dəmiryol Səyyar Klinikası tərəfindən Beyləqanda görkəmli oftalmoloq Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilən tibbi aksiya keçiriləcək.
“Yeni Gundem” xəbər verir ki, aksiyada məqsəd yerli əhaliyə və xüsusilə uzaq ərazilərdə yaşayan insanlara yerindəcə tibbi yardım göstərmək, bununla yanaşı müayinə və erkən diaqnostikanın həyata keçirilməsidir.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji xidmət göstərmək üçün 2005-ci ildə Avtomobil Səyyar Klinikası, 2018-ci ildən Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb. Səyyar Klinika müxtəlif bölgələrdə erkən müayinə və diaqnostika xidmətləri təmin edərək, xəstəliklərin erkən mərhələlərdə aşkarlanmasına və müalicəyə başlanılmasına kömək edir. Səyyar Klinika tərəfindən keçirilən aksiyalar mərkəzin təcrübəli həkim heyəti tərəfindən həyata keçirilir.
Hazırda dünyada 7,8 milyard insandan 2,2 milyard insan görmə zəifliyi və görmə qabiliyyətinin tamamilə itirilməsindən əziyyət çəkir. Bu rəqəm sayı hər il artmaqda davam edir və mərkəzin keçirdiyi aksiyaların məqsədi, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq, bununla say faktorunun azalmasına kömək etməkdir. Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əsas prioriteti isə respublikada korluğun qarşısının alınması üçün tədbirlər görməkdir.