“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə birbaşa təmasların yarandığı və intensivləşdiyi bir vaxtda, xüsusən 7 dekabr bəyanatı və 19 aprel razılaşmaları ilə sülh üçün unikal imkanın meydana çıxdığı bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda hələ də mina terrorunun davam etməsi etimad quruculuğu prosesində ən böyük əngəllərdən biridir. Möhtərəm Prezidentin ötən ilin may ayında ifadə etdiyi kimi, “Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər”. Lakin Ermənistan dövlətinin işğalçı-təcavüzkar strategiyasına müvafiq olaraq, planlı şəkildə yerləşdirilmiş minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, İrəvanın sülh prosesinə sədaqətini və bütövlükdə bu istiqamətdə əsl niyyətlərini şübhə altına alır”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, ümumiyyətlə, son 30 ildə Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələrdən biridir: “Bir sıra Qərb dövlətlərinin birbaşa himayəsi altında Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzura ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır. Minalanmanın yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə tələ xarakterli həyata keçirilməsi prosesin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir. Hətta münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmiş, Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsini təsis etdikdən sonra isə separatçılar çoxillik daxili ehtiyatları hesabına mina terrorunu davam etdirmişlər.
44 günlük savaşla regionda işğala, lokal antiterror tədbirlərinin ardınca isə separatizmə son qoyulması bu gedişata son qoysa da, mina terroru hələ də davam edir və Ermənistan hələ də bu prosesdə “təqsirsiz və xəbərsiz” kimi davranmaqdadır. Baxmayaraq ki bu cinayətlərin arxasında İrəvanın dayandığı heç kimə sirr deyil. Əslində dalana dirənən Ermənistan son razılaşmalar fonunda mina təhdidinin, daha dəqiq desək, 30 il ərzində dövlət siyasəti çərçivəsində həyata keçirdiyi minalanma prosesinin nəticələrinin aradan qaldırılmasına etimad quruculuğunun bir hissəsi kimi baxmalı, Azərbaycanla əməkdaşlıq etməklə özünün dinc və mehriban qonşuluq siyasətində səmimiyyətini göstərməlidir. Lakin İrəvan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə postmüharibə dövründə 400-ə yaxın insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə, tələfatların isə gündən-günə artmasına səbəb olmaqdadır”.