“Mina terrorunun davam etməsi etimad quruculuğunda ən böyük əngəllərdən biridir” – Bəhruz Məhərrəmovbackend

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə birbaşa təmasların yarandığı və intensivləşdiyi bir vaxtda, xüsusən 7 dekabr bəyanatı və 19 aprel razılaşmaları ilə sülh üçün unikal imkanın meydana çıxdığı bir vaxtda Qarabağ və Şərqi Zəngəzurda hələ də mina terrorunun davam etməsi etimad quruculuğu prosesində ən böyük əngəllərdən biridir. Möhtərəm Prezidentin ötən ilin may ayında ifadə etdiyi kimi, “Azərbaycanın üzləşdiyi mina təhlükəsi kütləvi qırğın silahlarının doğurduğu dəhşət ilə müqayisə oluna bilər”. Lakin Ermənistan dövlətinin işğalçı-təcavüzkar strategiyasına müvafiq olaraq, planlı şəkildə yerləşdirilmiş minaların xəritəsinin hələ də Azərbaycana təqdim olunmaması, İrəvanın sülh prosesinə sədaqətini və bütövlükdə bu istiqamətdə əsl niyyətlərini şübhə altına alır”.

Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, ümumiyyətlə, son 30 ildə Ermənistanın məqsədyönlü siyasəti nəticəsində Azərbaycan dünyada minalar və partlamamış hərbi sursatlar ilə ən çox çirklənmiş ölkələrdən biridir: “Bir sıra Qərb dövlətlərinin birbaşa himayəsi altında Azərbaycan ərazilərini işğal altında saxladığı 30 il ərzində Ermənistan Qarabağ və Şərqi Zəngəzura ilkin qiymətləndirmələrə görə 1,5 milyondan artıq mina basdırmışdır. Minalanmanın yollar, qəbiristanlıqlar, mülki təyinatlı digər obyektlərdə tələ xarakterli həyata keçirilməsi prosesin sülh və insanlıq əleyhinə, o cümlədən müharibə cinayətlərinin tərkib hissəsi kimi həyata keçirildiyini göstərir. Hətta münaqişə bitdikdən sonra belə Ermənistan Laçın yolundan istifadə edərək Azərbaycan ərazilərinə minalar döşəməyə davam etmiş, Azərbaycan Laçın sərhəd-buraxılış məntəqəsini təsis etdikdən sonra isə separatçılar çoxillik daxili ehtiyatları hesabına mina terrorunu davam etdirmişlər.

44 günlük savaşla regionda işğala, lokal antiterror tədbirlərinin ardınca isə separatizmə son qoyulması bu gedişata son qoysa da, mina terroru hələ də davam edir və Ermənistan hələ də bu prosesdə “təqsirsiz və xəbərsiz” kimi davranmaqdadır. Baxmayaraq ki bu cinayətlərin arxasında İrəvanın dayandığı heç kimə sirr deyil. Əslində dalana dirənən Ermənistan son razılaşmalar fonunda mina təhdidinin, daha dəqiq desək, 30 il ərzində dövlət siyasəti çərçivəsində həyata keçirdiyi minalanma prosesinin nəticələrinin aradan qaldırılmasına etimad quruculuğunun bir hissəsi kimi baxmalı, Azərbaycanla əməkdaşlıq etməklə özünün dinc və mehriban qonşuluq siyasətində səmimiyyətini göstərməlidir. Lakin İrəvan dəqiq mina xəritələrini hələ də təqdim etməməklə postmüharibə dövründə 400-ə yaxın insanın davam edən müharibə cinayətlərinin qurbanına çevrilməsinə, tələfatların isə gündən-günə artmasına səbəb olmaqdadır”.

Deputat həmçinin qeyd edib ki, Ermənistanın bu cür “cəsarətli” davranışının kökündə, təbii ki, ilk növbədə beynəlxalq ictimaiyyətin Ermənistanın müharibə cinayətlərini görməzdən gəlməsi dayanır: “Təsəvvür edin, biz bu günə qədər heç bir beynəlxalq güc tərəfindən Ermənistanın mina xəritələrini təhvil verməsinə dair çağırış müşahidə etməmişik. Ayrı-ayrı psevdo siyasilərin müdafiəsinə qalxan, muzd qarşılığında separatizmə dəstək verən, korrupsiya yuvası Avropa Parlamenti, qeyri-adekvat davranışlar sərgiləyən radikal kluba çevrilmiş AŞPA bir dəfə də olsun İrəvanın müharibə cinayətlərinə münasibət bildirməyib. Əksinə, Fransa və ABŞ-nin simasında biz Azərbaycanın suveren haqlarını görməzdən gələn ləyaqətsiz formada çağırışlar eşidirik ki, bu da Qərbin açıq formada terrora təşviq, müharibə cinayətlərinə isə ortaqlığı deməkdir. Lakin 44 günlük savaşda cənab İlham Əliyev göstərdi ki, Azərbaycanın qarşısında heç kim, o cümlədən heç bir şər ortaqlığı dayana bilməz. O cümlədən mina terroru Azərbaycanın böyük planlarını ləngidə bilməz. Mina təhdidinə baxmayaraq bu gün Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq və bərpa prosesini həyata keçirməkdə, Böyük Qayıdışı reallaşdırmaqdadır. Prosesin ləyaqətli və təhlükəsiz formada təmini üçün minatəmizləmə fəaliyyətinin 90 faizindən çoxu ölkənin daxili resursları hesabına aparılır. Lakin unudulmamalıdır ki, bu yalnız Azərbaycanın problemi yox, bəşəri məsələdir və dünya ictimaiyyəti də aydın formada mövqe ifadə edərək, məsələyə diqqət yetirməyə borcludur. Prosesə təkan vermək üçün isə Prezident İlham Əliyev münaqişələrin və mina fəsadlarının artmasını nəzərə alaraq humanitar minatəmizləmənin BMT-nin Qlobal 18-ci DİM-i kimi təsis edilməsi təşəbbüsü ilə çıxış etmiş, Azərbaycan özü humanitar minatəmizləməni Milli Dayanıqlı İnkişaf Məqsədi olaraq rəsmən elan etmişdir”.Sia