Moldovanın ətraf mühit naziri: COP29-dan əsas gözləntimiz maliyyə resurslarını səfərbər etmək üçün səylərin artırılmasıdırbackend

Yeni Kollektiv Kəmiyyət Məqsədi 2050-ci ilə qədər iqlim dəyişiklikliyi ilə mübarizədə fəaliyyətin sürətləndirilməsi və qlobal iqlim neytrallığına nail olmaqda inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməlidir.

Bu barədə AZƏRTAC-a müsahibəsində Moldova Respublikasının ətraf mühit naziri Sergey Lazarenku bildirib.

– Bakıda keçiriləcək COP29-dan gözləntiləriniz?

– COP29-dan əsas gözləntilər maliyyə resurslarının səfərbər edilməsi üçün tərəflərin səylərinin artırılması və Yeni Kollektiv Kəmiyyət Məqsədinin müəyyən edilməsi ilə bağlıdır. Bu məqsəd 2050-ci ilə qədər iqlim dəyişiklikliyi ilə mübarizədə fəaliyyətin sürətləndirilməsi və qlobal iqlim neytrallığına nail olmaqda inkişaf etməkdə olan ölkələrin ehtiyaclarına cavab verməlidir.

– Ölkələrin iqlim prioritetləri necə olmalıdır və bu kontekstdə Moldovanın əsas məqsədləri nədən ibarətdir?

– Moldova Respublikası Milli səviyyədə müəyyən edilən ilk Töhfəni (MSMT) hələ 2015-ci ildə işləyib hazırlamışdı, sonradan o, 2020-ci ildə yeniləndi və bununla da daha iddialı hədəflər qoyuldu – 2030-cu ilə qədər istixana qazı emissiyalarını 1990-cı il səviyyələri ilə müqayisədə 70 faiz azaltmaq, qeyd-şərtsiz hədəfi 64 faizdən 67 faizə qədər, şərti hədəfi isə 78 faizdən 88 faizə qədər artırmaq. Hazırda qlobal istiləşməni sənayedən əvvəlki səviyyədən 1,5°C-ə qədər məhdudlaşdırmaq məqsədinə uyğun olaraq daha iddialı hədəflər qəbul etmək üçün ölkələrlə təzyiq artır. Moldova Respublikası tərəfdaşları ilə birlikdə yenilənmiş MSMT və 2025-ci ilin fevralına qədər daha iddialı hədəflərin qoyulması üzərində işləyir.

Bütövlükdə isə, ölkələrə təmiz enerjiyə keçidin sürətləndirilməsi, uyğunlaşma və davamlı inkişaf, qlobal karbon bazarlarının formalaşdırılması və mexanizmlərinin işlənib hazırlanması, itkilərin və zərərlərin kompensasiyası məsələsinin həlli, o cümlədən bərpaolunan enerji mənbələrinin inkişafına şərait yaradan normativ-hüquqi bazasının hazırlanması üçün maliyyə alətlərinin tətbiqində dəstək göstərmək son dərəcə vacibdir. Milli enerji və iqlim planlarının işlənib hazırlanması, təhlil və enerji modelləşdirməsi daha bir prioritetdir. İqlim məqsədlərinə nail olmaqda özəl sektor mühüm rol oynamalıdır.

– Qlobal yaşıl transformasiya mümkündürmü və bu yolda hansı problemlər dayanır?

– Uğurlu qlobal yaşıl keçid aydın şəkildə müəyyən edilmiş iqlim siyasətindən, strategiyalardan, milli fəaliyyət planlarından və istixana qazı emissiyalarının effektiv modelləşdirilməsindən asılıdır. Yaşıl texnologiyaların mənimsənilməsi, davamlı sənaye və nəqliyyat metodlarının təşviq edilməsi və çirklənmənin azaldılmasında ölkələrə dəstəyin göstərilməsi həlledici əhəmiyyətə malikdir.

– COP29 inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyələşməsinin yeni səviyyəsini təmin edəcəkmi?

– Moldova Respublikasının COP29-dan gözləntilərindən biri beynəlxalq əməkdaşlığın gücləndirilməsi, ümumi iqlim problemlərini həll etmək inkişaf etmiş və ya inkişaf etməkdə olan digər ölkələrlə tərəfdaşlıq əlaqələrinin qurulması və iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması və ona uyğunlaşmaq üçün səyləri dəstəkləmək məqsədilə inkişaf tərəfdaşlarını müəyyən etməkdir. Bu tərəfdaşlıqlar 2050-ci ilə qədər dayanıqlı, aşağı emissiyalı iqtisadiyyatlara keçid və qlobal iqlim neytrallığına nail olmaq üçün həlledici əhəmiyyət kəsb edir. Dünya iqlimi elmi nöqteyi-nəzərindən böhran mərhələsindədir. Nəticələrin yumşaldılması, uyğunlaşma, maliyyələşmə və ədalət üzrə konkret tədbirlər görmək üçün siyasi iradə Tərəflərin bu Konfranslarında sınaqdan keçiriləcək. Əsas nəticələr danışıqçıların hökumətlərdən tutmuş müəssisələrə, həssas icmalara qədər müxtəlif maraqlı tərəflərin maraqlarını balanslaşdırmaq bacarığından asılı olacaq.