Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Rossiya-1” telekanalına müsahibəsi zamanı Qərbin Ukraynaya silah verməklə bütün qırmızı, hətta tünd qırmızı xətləri keçdiyini açıqlayaraq Ukraynadakı müharibəyə görə Qərbi ittiham edib.
Mövzu ilə bağlı “Yeni Gundem”-ə danışan Politoloq Kənan Novruzov ABŞ Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Kremli sıxışdırdığını və ona təzyiq etdiyini açıqlayıb:
“Rusiya prezidenti Vladimir Putin bildirib ki, Qərb bütün qırmızı xəttləri aşıb. Rusiyanın XİN rəhbəri Sergey Lavrov da ona oxşar açıqlama verib. Bu nəyin əlamətidir? Hamı bilir ki, Ukraynadakı müharibənin əsas dirijoru Qərbdir. Qərbin əsas dəstəkçisi Amerikadır. ABŞ Rusiya-Ukrayna müharibəsindən istifadə edərək Kremli sıxışdırır və ona təzyiq edir”,-o deyib.
K.Novruzov ehtimal edir ki, yaxın gələcəkdə Moskva ilə Vaşinqton arasında gərginlik daha da şiddətlənəcək.
“Moskvanın müqavimət göstərmək üçün imkanları o qədər çox deyil. Bütün hallarda ABŞ-ın itirəcəyi heç nə yoxdur. Belə bir situasiya yaranıb ki, Rusiyanın nəyəsə diqtə etmək imkanı yoxdur. Əksinə olaraq, Vaşinqtonun Moskvaya təzyiqləri getdikcə artacaq. Səbəb Ukrayna, nəticə Rusiya.
Başqa sözlə desək, ABŞ Ukraynanı idarə edən gizli əldir.
Ehtimal edirəm ki, yaxın gələcəkdə Moskva ilə Vaşinqton arasında gərginlik daha da şiddətlənəcək.Əlbəttə bunu Kreml daha yaxşı başa düşür. Lavrovun ABŞ açıqlaması əslində gələcəyin anonsu idi”,-deyə o qeyd edib.
Fərahim Rəhimov