Moskvanın “Food City” bazarında çiyələk monopliyasını yaradan və soydaşlarımızı aç qoyan transmilli şəbəkə…backend

Məlum olduğu kimi, Rusiyada bizim milyonlarla vətəndaşımız yaşayır. Onların böyük əksəriyyəti ticarət və əsasən də meyvə tərəvəz satışı sektorunda çalışırlar. Azərbaycanlıların fəaliyyət göstərdiyi ən böyük topdansatış bazarlarından biri “Food City”dir.

Bu bazarın rəhbəri Azərbaycan yəhudisi olan Qod Nisanovdur. Çoxlu sayda soydaşımızın çalışdığı bu bazarda yaradılan şəraitdən azərbaycanlılar əsasən razılıq edir. Ancaq bəzi işbazlar bazar rəhbərliyinin xəbəri olmadan qruplaşaraq elə fəaliyyət ortaya qoyurlar ki, bundan öz soydaşlarımız əziyyət çəkir.

Məsələn, bu yaxınlarda məhz “Food City” adlanan bazarda Eldəniz adlı bir nəfər azərbaycanlının öz qohumları və yerliləri tərəfindən dəyəri milyonlarla ölçülən biznesinin necə əlindən alınması ilə bağlı da araşdırma materialı təqdim etmişdik. Həmin məsələdə də bazar rəhbərliyinin adından suistifadə edilmişdi.

Bu gün bizim əldə etdiyimiz məlumat da ciddidir və birbaşa “Food City” rəhbərliyinin ziyanınadır. Sözügedən bazardakı etibarlı mənbələrdən əldə etdiyimiz məlumata görə, içlərində azərbaycanlıların da olduğu bir neçə digər millətin nümayəndəsi birləşərək, bazarda satılan və geniş tələbat olan çiyələyin monopoliyasını yaradıblar.

Əminliklə demək olar ki, bu prosesdən “Food City” rəhbərliyinin məlumatı yoxdur. Olsa mütləq mənada buna bir əncam çəkərlər. Çünki süni şəkildə yaradılan “çiyələk monopolyasının” ilk növbədə bazarın gəlirlərinə ciddi ziyanı var. Məhz buna görə biz bu müraciəti məhz “Food City” nin rəhbərliyinə edirik ki, birbaşa onların büdcəsinə ziyan edən bu monopoliyanı yaradan şəxslərlə bağlı ciddi ölçü götürsün.

Bəllidir ki, Moskvaya çiyələk yay aylarında bir neçə ölkədən, qışda isə əsasən Yunanıstandan gəlir. Çiyələyin yaxşı satıldığı dönəm məhz qış aylarına təsadüf edir. Əgər əvvəl minlərlə adam sərbəst şəkildə birbaşa Yunanısatandan malını vurub gətirib Moskvada satırdısa, indi bu, mümkün deyil.

Çünki artıq bu malı Moskva bazarına yalnız Yunanıstan vətəndaşları olan iki nəfər: Nikos və Xıdır və həmin ölkədə məskunlaşan Roma adlı adamlar vura bilir. Başqa kimlərsə buna cəhd edirsə, problemlə üzləşir, hətta malları müsadirə edilir. Bəllidir ki , Ukrayna müharibəsi səbəbindən Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olunub.

Yəni, Avropa malını Moskvaya birbaşa salmaq olduqca çətin məsələdir. Bu səbəbdən də həmin malı sanksiyalara qoşulmayan hansısa üçüncü ölkənin vasitəsilə Rusiyaya idxal olunduğunu sənədləşdirirlər. Artıq bu sənədləşmənin edilməsi də çiyələk monopolistlərinin əlində cəmləşib.

Yunanıstandan çiyələk Rusuyaya Belarusiya gömrüyü vasitəsilə keçirilir. Bu işdə monopolistlərə kömək edən və birbaşa bu manopoliyanı yaradnlardan biri olan Belarusiya gömrüyündə işləyən və əslən Şəmkirin Çinarlı kəndindən olan Vüsal adlı şəxsdir. Bütün sənədləşmə, malın gömrükdən keçirilməsi məhz Vüsal vasitəsilə edilir. Məhz bu Vüsal bir neçə monopolist istisna olmaqla digər şəxslərin malının keçirilməsinin qarşısını alır.

Bu şəbəkənin əsas üzvlərindən biri də Moldovadan olan Ruslan adlı şəxsdir.
O, bir müddət əvvəl Moldovadan “Foot Sity”yə gələn meyvələrin də monopolyasının yaradılmasına nail olub. Nəticədə bazarın ümumi mal dövriyyəsinə milyonlarla ziyan vurmuş olub. Çünki belə olan təqdirdə bazara malı məhdud sayda adam gətirə bilir ki, bu da ümumi dövriyyəni aşağı salır.

Moskvada bu adamların çiyələyinin satışını həyata keçirən əslən Ucar rayonundan olan Fəxri adlı şəxsdir.
Bütün bu əməliyyatların nəticəsində çiyələkin satışı ilə məşğul olan minlərlə azərbaycanlı işsiz qalıb. Bu səbəbindən onların böyük əksəriyyəti Moskvanı tərk edərək Azərbaycana geri dönür.

Hesab edirik ki, hörmətli Qod Nisanov minlərlə insanın fəaliyyətinə mane olub, özləri isə milyonlar qazanan və ən başlıcası “Food City”yə külli miqdarda ziyan vuran bu monopolist şəbəkənin fəaliyyətinə son qoyulması üçün hərəkətə keçməlidir.

Məhəmmədəli QƏRİBLİ
Azinforum.az