Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və digərlərinin kassasiya şikayətinə baxılması dalana dirənib.
“Yeni Gundem” Qaynarinfo-ya istinadən xəbər verir ki, səbəb Mövlam Şıxəliyevin hələ də şərtini geri götürməməsidir.
Məlumat üçün deyək ki, keçmiş idarə rəisi prosesdə iştirakı üçün məhkəmədən cəzaçəkmə müəssisəsinə qaytarılmasını istəyir. Bu isə qanunsuzdur. Çünki məhkəmə müddəti boyunca müqəssirlər təcridxanada saxlanılmalıdır. Mövlam Şıxəliyev isə Kürdəxanı təcridxanasına getməkdən imtina edib.
Əldə etdiyimiz məlumata görə, zərərçəkənlərin israrına baxmyaraq, növbəti proseslə bağlı hələ vaxt müəyyən edilməyib. İddia olunur ki, bu Mövlam Şıxəliyevin şərti ilə bağlıdır. O, geri çəkilməyəcəyi təqdirdə prosesin necə keçiriləcəyi bəlli deyil.
Bəzi iddialara görə, Mövlam Şıxəliyev və digərləri Ali Məhkəmədə sadəcə işi yubatmağa çalışırlar. Bunun arxasında hansı məqsədin dayandığı məlum deyil.
Bildirilir ki, zərəçəkənlər məsələ ilə bağlı yuxarı instansiyalara müraciət etmək niyyətindədirlər. Onlar prosesin Mövlam Şıxəliyev və digərlərinin iştirakı olmadan keçirilməsini istəmirlər. Zərəçəkənlər ümid edir ki, keçmiş idarə rəisi prosesə məcburi gətirilə bilər.