Müdafiə Nazirliyinin tərkibində fəaliyyət göstərən komissiya tərəfindən Vətən müharibəsində iştirakı ilə bağlı məlumatlarının araşdırılması yekunlaşan və arayış-məlumatları hazır olan növbəti 5000 nəfərdən artıq vətəndaşın sənədləri “Müharibə veteranı” adının verilməsi məqsədilə qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndərilib.
Sənədləri göndərilən vətəndaşlar barədə qərar qəbul edildikdən sonra onların da adları “Müharibə veteranı” adının verilməsi üçün “Zəfər” altsisteminə daxil ediləcəkdir.
Bundan sonra onlara da Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.
Qeyd edək ki, bu günədək Vətən müharibəsində iştirak etmiş 76000 nəfərə “Müharibə veteranı” adı verilib, müraciəti daxil olmuş digər vətəndaşların Vətən müharibəsi iştirakı ilə bağlı arayış-məlumatları isə tam hazırlanıb yekunlaşdıqdan sonra baxılması və qərar qəbul edilməsi üçün müvafiq komissiyaya göndəriləcək.
Bildiririk ki, hər bir vətəndaşın müraciətinə xüsusi həssaslıqla yanaşılır. Müraciətlərin araşdırılması fərdi yanaşma və vaxt tələb etdiyindən vətəndaşlardan qarşıya çıxan qayğıları anlayışla qarşılamağı xahiş edirik.