Ölkədə müəllimlərin sertifikatlaşdırma prosesi həyata keçirilir.
Təhsilverənlərin sertifikatlaşdırılması ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik müəllimlərin peşəkarlıq səviyyələri, peşə yararlılıqlarının yoxlanılması məqsədi daşıyır.
Təhsilverənlərin sertifikatlaşdırılması ilk dəfə 2022-ci ildə təşkil edilib və prosesə ilk olaraq ibtidai sinif müəllimləri cəlb olunublar.
Sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib.
Prosesi uğurla tamamlayaraq 51-60 bal toplamış 3 163 müəllimin vəzifə maaşına 35 faiz, 30-50 bal toplamış 5 624 müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. 2023-cü ildə ibtidai sinif müəllimliyi üzrə sertifikatlaşdırmanın test mərhələsində 1 334-ü təkrar sertifikatlaşdırma və 21 943-ü ilk dəfə iştirak olmaqla ümumilikdə 23 277 nəfər uğur qazanıb.
2023-cü ildə Azərbaycan dili və ədəbiyyat fənni üzrə sertifikatlaşdırmanın test mərhələsində ölkə üzrə 8 498 nəfər uğur qazanıb. 8 sentyabr – 14 oktyabr 2023-cü il tarixlərində keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsində 23 259 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri uğur qazanıb.
2023-cü il üzrə sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub.
Ümumilikdə, 2023-cü ildə təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test mərhələsində 31 207 təhsilverən iştirak edib və onlardan 23 160 nəfəri test və müsahibə mərhələlərində uğur qazanaraq sertifikatlaşdırmadan keçmiş hesab olunub.
2024-cü ildə müəllimlərin sertifikatlaşdırılması prosesinə cəlb olunan iştirakçı sayı 24 050, uğur qazananların sayı isə 20 224 nəfər olub. Ümumilikdə indiyədək 55 000 müəllim sertifikatlaşdırmadan keçərək əməkhaqqısını artımla alır. Sertifikatlaşmadan keçən müəllimlərin orta dərs yükü 17.5-dən 19.5-ə qalxıb. 2026-cı ilə qədər 135 min təhsilverənin sertifikatlaşdırmaya cəlb olunması planlaşdırılır.
Qeyd edək ötən sertifikatlaşdırma proseslərində ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil müəllimləri iştirak ediblər. Cari ildə isə hansı fənn müəllimlərinin sertifikasiya imtahanlarında iştirak edəcəyi hələ açıqlanmayıb. Son günlər sosial şəbəkələrdə bəzi müəllimlər sertifikasiya ilə bağlı öz etirazını bildirirlər. Belə ki, müəllimlər bütün fənnlərdən sertifikasiyanın eyni vaxtda keçirilməsini daha məqsədəuyğun hesab edirlər.
Onlar qeyd edir ki, sertifikasiyadan keçən müəllimlər bir neçə ildir yüksək əməkhaqqı alsa da, sertifikasiyası keçirilməyən fənnin müəllimləri daha az maaş alır. Çünki müəllimlərin maaşı sertifikasiyada topladıqları bala uyğun olaraq 10 və 35 faiz artırılır.
Müqayisə üçün deyək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil edilən qəbul imtahanlarında 2024-cü ildə ali təhsil müəssisələrinə sənəd verən abituriyentlərin sayı 85124 nəfər olub və onlar cəmi bir neçə gün ərzində imtahan veriblər. Ölkədə müəllim sayının təqribən 150 min olduğunu nəzərə alsaq, bütün fənnlərdən sertifikasiya imtahanlarıın bir neçə ay ərzində keçirilməsi mümkün görünür.
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu “Cümhuriyət” -ə açıqlamasında bildirib ki, son illər Elm və Təhsil Nazirliyi bir sıra uğurlu islahatlar həyata keçirir:
“Lakin kütləvi narazılıqla nəticələnən qərarlar da var. 2022-ci ildən başlanan sertifikasiya ümumi təhsilimizin inkişafı baxımından əla təşəbbüsdür və həmişə dəstəkləmişik. Amma prosesin keçirilməsində problemləri saymaqla bitirmək olmur. İmtahan keçirmək təcrübəsi geniş olmayan ETN bir qrup müəllimləri sertifikasiyadan keçirsə də, bir qrupu gözləmədədir.
Kiçik prosesi o qədər şişirdiblər ki, illərdir bu qədər müəllimi intizarda saxlayırlar. Üstəlik, əməkhaqqı artımını da sertifikasiya nəticəsinə uyğun müəyyən edirlər. Keçirilən imtahanlar da narazılıqla doludur. Hələ mən hazırkı sertifikasiyanın, tərtib olunan sualların nə qədər obyektiv qiymətləndirmə olduğundan danışmıram. MÜTDA, regional idarələr, elə nazirliyin özündə get-gedə qəribə proseslər baş verir.
Son vaxtlar nə qədər təhsil adına narazılıqlar artıb. Müəllim də, şagird də, valideyn də narazıdır. Bunun bir sonu olmalıdır, yoxsa yox? Belə çıxır ki, işləri qaydasına qoyan kadrlar çatışmır”.
Ekspert bildirib ki, DİM bu sahədə xeyli təcrübəlidir:
“İstər imtahanların keçirilməsi, il ərzində imtahan tarixləri və bu kimi proseslərdə bu qurumun təcrübəsindən yararlanmaq olar. Bildiyim qədər, bu işlə bağlı olan Təhsilverənlərin Sertifikasiya Şurası məsələ ilə bağlı bir araya belə toplaşmayıb. Məlumat üçün onu deyim ki, bu il fizika, kimya, biologiya, coğrafiya, tarix, informatika və texnologiya müəllimlərinin sertifikasiyası gözlənilir”.