Milli Məclisin deputatı Vüqar İskəndərov “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin təşkil etdiyi “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbirində çıxış edərək, Azərbaycan-Ermənistan münaqişəsi və informasiya müharibəsi barədə vacib fikirlərini ifadə edib, bu sahədə daha fəal olmaq gərəkdiyini vurğulayıb. Deputat qeyd edib ki, müharibənin isti fazası dayanmış olsa da, informasiya cəbhəsində mübarizə sürətlə davam edir:
“Azərbaycan və Ermənistan arasındakı müharibənin isti fazası hələlik kövrək sülhə dayanıb. Amma informasiya cəbhəsində mübarizə çox sürətlə davam edir. Biz xalq olaraq anlamalıyıq ki, bu münaqişə tamamilə bitməyəcək. Yanımızda olan bu topluma qarşı mübarizəni davam etdirməliyik.”
İskəndərov filmlərin və mediada yayılmış məzmunun əhəmiyyətini vurğulayaraq, Ermənistanın yalan məlumatlarla dolu filmlər çəkərək bu sahədə irəlidə olduğunu qeyd edib. O, Azərbaycan tərəfinin Qarabağ müharibəsi haqqında daha çox film çəkməli olduğunu bildirib: “Biz Qarabağımızla bağlı filmlər çəkib onları beynəlxalq arenada yaymaqda gecikirik. Erməni tərəfi artıq Oskara namizəd göstərilən filmlər çəkir və bu filmləri beynəlxalq festivallarda nümayiş etdirir. Biz bu sahədə daha fəal olmalıyıq və xalqımızın tarixi həqiqətlərini dünyaya çatdırmalıyıq.”
Deputat, həmçinin, gənclərin tarix və dil öyrənmələrinin vacibliyini qeyd edərək, erməni dili və ermənişünaslıq üzrə mütəxəssislərin hazırlanmasının əhəmiyyətini vurğulayıb: “Biz ermənişünaslar hazırlamalıyıq, onların dilini bizdən yaxşı bilən mütəxəssislər yetişdirməliyik. Bu, gələcəkdə bizim informasiyanın doğruluğunu təmin etmək üçün çox vacibdir.”
Vüqar İskəndərov, informasiya müharibəsində qalib gəlmək üçün filmlərin və digər kütləvi informasiya vasitələrinin gücündən istifadə etməyin vacibliyini vurğulayıb. O, Türkiyənin tarixi filmlər vasitəsilə beynəlxalq arenada öz tarixini uğurla tanıtma siyasətindən nümunə gətirərək, Azərbaycanın da bu cür strategiyalara yönəlməli olduğunu bildirib.
Qeyd edək ki, oktyabrın 24-də Hüquq və İnsan Haqları İnstitutunda “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən “Qərbi Azərbaycanla bağlı informasiya mübarizəsi” layihəsinin yekun tədbiri keçirilib.
Tədbirdə Qeyri-Hökumət Təşkilatlarına (QHT) Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra olunan layihə çərçivəsində “www.qerbiazerbaycanirsi.az” (“www.westernazheritage.com”) elektron bazasının və “Danışır tarix” filminin təqdimatı olub.