Mühüm əməkdaşlıq istiqamətibackend

Azərbaycan Respublikası 1991-ci ildə dövlət müstəqilliyini bərpa etdikdən sonra müstəqil xarici siyasət həyata keçirir. Bu siyasət Azərbaycan dövlətçiliyini müntəzəm şəkildə möhkəmləndirib inkişaf etdirməyə və milli mənafeləri qorumağa yönəlib. Azərbaycan öz xarici siyasətini beynəlxalq hüquq norma və prinsipləri, o cümlədən, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət, daxili işlərə  müdaxilə edilməməsi prinsipləri əsasında qurub.1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev ilk günlərdən Azərbaycanın xarici siyasətini yeniləşdirdi və ölkənin strateji maraqları əsasında yenidən qurdu. Ulu öndər, ilk növbədə keçmiş hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin və Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı.

Bu gün Azərbaycan Cənubi Qafqazda Rusiya ilə bərabərhüquqlu münasibətlər sistemi yaratmağa nail olmuş yeganə dövlətdir. Rusiya ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi, bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. İqtisadi, siyasi və hərbi potensial baxımından beynəlxalq münasibətlər sistemində xüsusi yeri olan Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş Sovet İttifaqı dövründən mövcud olan çoxşaxəli əlaqələri müasir geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində vacib məsələlərdən biri kimi nəzərdən keçirilir

Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara, o cümlədən, Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və çoxlu sayda digər təşkilatlara üzv olub. Azərbaycan həmçinin NATO və Avropa Birliyi kimi qurumlarla əməkdaşlığı, eləcə də anti-terror koalisiyası tərkibində fəaliyyət göstərir. Azərbaycan Respublikası həm də GUAM regional qrupunun təsisçilərindən biridir. Bu təşkilatlarda və regional təşəbbüslərdə iştirakı ilə Azərbaycan Respublikası öz milli maraqlarını gerçəkləşdirir. Bu gün Azərbaycan Respublikası müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı tək qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Həmçinin, Azərbaycanın Qərb və Şərq sivilizasiyaları, eyni zamanda, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoymuş olur. Əlbəttə ki, Azərbaycanın bu cür nailiyyətlərinin praqmatik və rasional xarici siyasət kursu nəticəsində əldə olunduğu da hər kəsə bəllidir.

Azərbaycan Respublikası bundan əlavə olaraq əksər dünya dövlətləri ilə də sosial, mədəni, iqtisadi, siyasi və s. münasibətlər saxlayır. Respublikanın dünya ölkələri arasında ön sıralarda yer alması üçün bu çox mühüm məsələdir.
Bəhs olunan bu dünya dövlətlərindən biri də Konqo Respublikasıdır. 4 aprel tarixində Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqessonun Azərbaycana rəsmi səfər etmişdir. Görüş zamanı təhsil, mədəniyyət və digər sahələrdəki əməkdaşlıq imkanlarını və s. məsələlər müzakirə olunmuşdur. Milli Məclisin sədri yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafında mühüm rolunu qeyd edərək, bu səfərin ölkələrimiz arasında əməkdaşlığın inkişafı üçün qarşılıqlı maraq və niyyətin təzahürü olduğunu diqqətə çatdırıb. O deyib ki, bu səfər Azərbaycanla Konqo arasında əlaqələrin inkişafına böyük təkan verəcək.

Bu gün ölkələrimiz arasında beynəlxalq təşkilatlar, xüsusən Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və faydalı əməkdaşlıq mövcuddur. Konqo Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin uzadılmasını dəstəkləmiş ölkələrdən biridir və Azərbaycan da təsisata sədrliyi dövründə Afrika ölkələri ilə əməkdaşlığını həm ikitərəfli, həm də çoxtərəfli qaydada inkişaf etdirməyə, ümumi maraqlarımızın müdafiəsinə xüsusi diqqət yetirib.

Rafiq Süleymanlı Namiq oğlu

Azərbaycan Dövlət Pedaqoji Universiteti