Azərbaycan-Belarus münasibətləri hər zaman yüksək səviyyədə olub. Dövlətlərimiz son 20 ildə müxtəlif şəraitlərdə həmişə dəyərlərə – xeyirxahlığa, ləyaqətə, münasibətlərdə dürüstlüyə və nəticəyə hədəflənməyə sadiqliyi qoruyub saxlayıblar. Azərbaycan və Belarus Prezidentləri arasında etimada əsaslanan münasibətlər ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə xidmət edir. Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun mayın 16-da ölkəmizə rəsmi səfəri bu münasibətlərin dostluq xarakteri daşımasının əyani göstəricilərindəndir.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında Prezident İlham Əliyev bildirdi ki, aparılan danışıqlar – təkbətək və geniş tərkibdə görüşlər ölkələrimizin mehriban dostlar olduğunu bir daha əyani şəkildə nümayiş etdirir. Ölkə başçısı qeyd etdi ki, yaxın vaxtlarda Minskdə keçiriləcək Hökumətlərarası Komissiyanın növbəti iclasına qədər müvafiq dövlət strukturlarına verilmiş tapşırıqlar müfəssəl şəkildə təhlil olunacaq və onların icra müddəti üzrə konkret addımlar, həmçinin qarşılıqlı iqtisadi-ticari əməkdaşlıq potensialını daha da artırmaq üçün həmin tapşırıqların verildiyi məsul şəxslər və strukturlar müəyyən ediləcək. Səfər zamanı həmçinin ölkələrimizin münasibətlərinin son illərdə inkişafı müfəssəl şəkildə təhlil edilmiş və gələcəkdə qarşılıqlı fəaliyyət yolları müəyyənləşdirilmişdir. Məlum olduğu kimi həm Belarusda, həm də ölkəmizdə birgə istehsalın təşkili bir çox illər öncə yaradılmışdır. Bura maşınqayırma, hərbi-sənaye kompleksi, kənd təsərrüfatı və nəqliyyat sahəsində əlaqələr daxildir.
Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri zamanı əldə edilmiş razılaşmanın nəticəsi olaraq yaxın gəlcəkdə iki ölkə arasında münasibətlərin yeni hüdudları, yeni müəssisələr, yeni iş yerləri, həmçinin əməkdaşlığın yeni istiqamətləri özünü biruzə edəcək.
Prezident İlham Əliyev Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkonun ölkəmizə rəsmi səfəri ilə əlaqədar mətbuata bəyanatında vurğuladı ki, Belarus şirkətləri Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bərpasında fəal iştirak etmək üçün dəvət ediliblər. Hazırda bu istiqamətdə həyata keçiriləcək işlərin miqyası çox genişdir. Ölkə başçısı xatırlatdı ki, daşın daş üstündə qalmadığı ərazidə yaşayış sahələrini, ictimai binaları, tarixi abidələri, bir sözlə, bütün infrastrukturu sıfırdan bərpa etmək lazım gəlir. Ona görə də Belarus şirkətlərini bu prosesə fəal qoşulmağa dəvət edirik. Çünki, Belarusun çox yaxşı şəhərsalma təcrübəsi, müasir texnologiyaları, aqroşəhərciklərin tikintisi təcrübəsi var. Dövlətimizin də birinci dərəcəli vəzifəsi keçmiş məcburi köçkünləri tikiləcək doğma evlərinə mümkün qədər tez qaytarmaq, həmçinin onları yüksək əməkhaqqısı olan müvafiq işlə təmin etməkdir.
Cavid Osmanov
YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı