Müşfiq Atakişiyev belə həbs olunubbackend

Xəbər verdiyimiz kimi, Elm və Təhsil Mərkəzi Təfəkkür Universitetinin mərhum prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsi faktı ilə bağlı sözügedən təhsil müəssisəsinin sabiq rektoru Müşfiq Atakişiyev saxlanılıb. Məhkəmənin qərarı ilə Müşfiq Atakişiyev barəsində vəzifədən kənarlaşdırılmaqla həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, sabiq rektor prorektorun qətlini bacısı oğlu Dəyanət Quliyevə sifariş verib. Sonuncu isə, həmkəndlisi ilə əlbir olaraq, Tariyel Əhmədovu qətlə yetirib.  “Yeni Sabah” Müşfiq Atakişiyevin saxlanılması ilə bağlı detalları öyrənib. Məlum olub ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Ədliyyə Nazirliyinin penitensiar xidməti tərəfindən birgə keçirilən çoxsaylı istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin sifariş əsasında törədilməsinə dair sübutlar əldə edildikdən sonra Müşfiq Atakişiyevin həbsinə qərar verilib.

Sabiq rektor Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda iş otağında saxlanılıb.

Məlumat üçün bildirək ki, Müşfiq Atakişiyev 2022-ci ildən AMEA İqtisadiyyat İnstitutunun icraçı direktoru vəzifəsində çalışır. O, professor Nazim İmanovun rəhbərlik etdiyi bu nəhəng elm ocağında əsas adam sayılırdı. İnstitutun direktoru sabiq deputat Nazim İmanov olsa da, quruma rəhbərliyi Müşfiq Atakişiyev həyata keçirirdi. Onun razılığı olmadan nə doktorluq, nə də namizədlik dissertasiyasının müdafiəsi mümkün olub. Hətta kadr təyinatlarına da birbaşa Müşfiq Atakişiyev rəhbərlik edib.

İş yoldaşlarından biri saytımıza açıqlamasında deyib ki, Müşfiq Atakişiyev saxlanılacağından tamamilə xəbərsiz olub. O, dünən yüksək əhval-ruhiyyə ilə işə gəlib. Ənənəvi tapşırıqlarını verəndən sonra 16-18 noyabr tarixlərində “Beynəlxalq nəqliyyat-logistika dəhlizi: Zəngilandan inkişaf impulsları” mövzusunda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün Heydər Əliyev adına Beynəlxalq Hava Limanına yola düşməyə hazırlaşıb. Bu vaxt hüquq-mühafizə orqanlarının əməkdaşları professorun AMEA-dakı iş otağına daxil olaraq, onu həbs ediblər.

Məlumatlara görə, Müşfiq Atakişiyevin qəfil həbsi İqtisadiyyat İnstitutunun kollektivi arasında şok effekti yaradıb. Bu həbsdən ən çox narahat olan isə İqtisadiyyat İnstitutunun direktoru 69 yaşlı professor Nazim İmanovdur. Qocaman professorun hazırda kariyerası ilə bağlı ciddi narahatlıq keçirdiyi bildirilir.