Bu gün məlumat yayıldı ki, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli tutduğu vəzifədən azad olunub. Mustafa bəy çox önəmli və dövlət büdcəsindən külli miqdarda vəsaitin ayrıldığı həssas bir sahəyə rəhbərlik edirdi.
Sadə dillə izah etsək, işsizliyin aradan qaldırılması , bu sahədə olan narazılıqların yumşaldılması ilə bağlı sahəyə təhkim edilən məsul şəxs idi. Bunun üçün dövlət onun Agentliyinə külli miqdarda vəsait ayırırdı. Əhali arasında danışlanlardan, bizə gələn şikayətlərdən görünür ki, onun rəhbəri olduğu sahədəki narazılıqlar kifayət qədərdi.
Ancaq maraqlıdır ki, bütün bu neqativliklərə baxmayaraq, Mustafa Abbasbəyli demək olar ki, mediada tənqid olunmayıb. Onun məşğulluq proqramına cəlb etdiyi və az qala ölü olan inəklərlə bağlı videolar yalnız vətəndaşlar tərəfindən sosial şəbəkələrdə paylaşılırdı. Nədənsə, media bu cür ciddi faktlar qarşısında susurdu.
Sanki hansısa bir əl Mustafa Abbasbəylini tənqiddən mühafizə edirdi. Belə bir məlumat da yayılıb ki, Mustafa Abbasbəyli bundan sonra Mədəniyyət Nazirliyinin Aparat rəhbəri vəzifəsini daşıyacaq. Əvvəlki işi ilə müqayisədə bunu Mustafa bəy üçün karyera yüksəlişi deyil, enişi saymaq olar. Çox güman ki, o, tapşırılannişin öhdəsindən layiqincə gələ bilmədiyi üçün, belə vəziyyət yaranıb.
2021-ci ildə mən Mustafa Abbasbəyli barədə tənqidi bir yazı yazdım. İnanın ki, bir neçə gün troll hücumuna məruz qaldım. Yazını saytdan silmək üçün ciddi təzyiqlər oldu, ancaq istəklərinə nail ola bilmədilər. Hələ də mənə sirr olaraq qalır ki, bu adamın özəlliyi nədir ki, belə mühafizə olunur?
Məhəmmədəli Qəribli