Müsəlman Şərqinin ilk Parlamenti olan Azərbaycan Parlamenti 106 yaşını qeyd edir. Azərbaycanda parlamentarizm ənənələri ölkənin siyasi tarixində xüsusi əhəmiyyətə malikdir. Bu ənənələr 106 il əvvəl – 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının (ADR) yaradılması ilə formalaşmağa başlayıb. Azərbaycan Xalq Cümhuriyyəti kimi onun Parlamenti də çox mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdi. Təsadüfi deyil ki, ADR parlamenti, dövrün ən demokratik qanunverici orqanlarından biri kimi qəbul edilirdi.
Müasir dövrdə Azərbaycanın müstəqilliyinin bərpası ilə parlamentarizm ənənələri daha da inkişaf etdirildi. Parlament tariximizin Heydər Əliyev dövrü bu sahədəki ənənələrin qorunub saxlanması və inkişaf etdirilməsi, milli maraqlara cavab verən parlament diplomatiyasının daha da gücləndirilməsi ilə səciyyələnir. Bu gün Azərbaycan Parlamenti ölkənin müasir siyasi sisteminin əsas sütunlarından biridir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror əməliyyatından sonra isə ərazi bütövlüyü və suverenliyini bərpa etmiş müzəffər dövlətin ali qanunverici orqanı kimi Azərbaycan Parlamentinin nüfuzu daha da artıb. İkitərəfli və çoxtərəfli, beynəlxalq və regional səviyyədə əməkdaşlıq daha da genişləndirilib.
Ulu Öndər Heydər Əliyevin də söylədiyi kimi, “Azərbaycanın bugünkü Milli Məclisi varislik adını şərəflə daşıyır.”
Nigar Məmmədova
Milli Məclisin deputatı