Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü və “Gold Naftalan” Müalicə Mərkəzinin təşkilatçılığı ilə aprelin 21-də şəhid ailələri və qazilər üçün iftar süfrəsi açılıb.
“Yeni Gündəm” xəbər verir ki, tədbirdə millət vəkili Anar Məmmədov, Türkiyə Cümhuriyyətinin Gəncə şəhərindəki baş konsulu Zəki Öztürk, Respublika Ağsaqqallar Şurasının müavini Elmira Süleymanova, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, xalq rəssamı-heykəltaraş Ömər Eldarov, YAP Naftalan şəhər təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Qafqaz Müsəlmanları İdarəsinin Goranboy və Naftalan üzrə nümayəndəsi, şəhid ailələri, qazilər iştirak edib.
Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, insanları xeyirxahlığa, birliyə dəvət edən müqəddəs Ramazan ayı dünya müsəlmanlarının ən əziz ayıdır. Daha sonra dualar edilib, Ramazan ayının fəzilətləri barədə söhbət açılıb, bu ayın insanlar arasında mənəvi saflığın tərənnümçüsü olduğu qeyd olunub.
Sonda tədbir iştirakçılarına hədiyyələr təqdim olunub.