Nailə İslamzadə: “Heç nədən peşman deyiləm, ölümdən başqa hər şey yalandır”backend

“Bir-iki dənə sosial verilişlər var ki, orada aparıcılar özlərini daha azad hiss edirlər.

Bəzən tamaşaçı və ya verilişin iştirakçıları ilə o qədər də yaxşı davranmırlar. Biz heç kimin üstünə hakim ola bilmərik. Bizə o haqqı heç kim verməyib. Heç ora gələn qonaq da… Heç kim heç kimi qınaya bilməz, üstünə gedə bilməz ki, sən niyə belə yaşamısan. Çünki onun yaşadıqlarını o özü bilir. Kənardan baxmaq həmişə asandır. Aparıcı tərəf olmamalıdır. Hər kəsi olduğu kimi qəbul etmək lazımdır. Bir də ki, o qərarı ekspert verməlidir, aparıcı yox. Bilirsiz, o verilişlər evdə oturanlar üçündür. Gündüz vaxtı efir yayımıdır, belə də olmalıdır. Sosial proqramlar məişət xarakterlidir, əslində evdə oturan xanımlar üçündür. İş adamı axşam gəlib dincəlmək istəyir, o proqramlar nəyinə lazımdır?! Amma bəzən bizdə tərsinə də ola bilir.

Bilirsiz, bəzən efir insanlarına barmağarası baxanlara haqq verirəm. Yersiz hərəkət edən aparıcılara görə təbii ki, xəcalət çəkirik. Onlar olmasa daha yaxşı olar. Məşhurluğu hər kəs daşıya bilmir. Hər kəs özünü ulduz sayır, ulduzlar göydə olur, yerdə yox. Bizim peşənin özünü sevmək lazımdır amma bəziləri peşənin özünü deyil, ona verdiklərini sevir. Peşə nə gətirir? Mən heç vaxt populyarlığımdan istifadə etmədim, ona görə də heç nəyim yoxdur. Gülür. Heç kimin qapısını döymədim.

Reklam da edə bilmədim nəyisə amma bu normaldır. Toya da gedir aparıcılar, bu da normaldır, bəs hardan qazansınlar? Mən toylara getmədim aparıcı kimi, düzdür, amma gedənlərdə də qəbahət görmürəm. Bizim böyük sənətkarlarımız da məclislərdə iştirak ediblər, ordan tanınıblar. Məsələ burasındadır ki, bunu daha gözəl şəkildə, ifrata varmadan etmək lazımdır. Edənlər də çoxdur. İndi çox şərtlər dəyişib. Baxırsan bir yerdə ciddi veriliş aparır, gündüz hardasa yüngül hərəkətlər edir, ona görə də tamaşaçılar onu ciddi qəbul etmir. Efir bayağılığı sevmir. Tamaşaçı bunu tez hiss edir. Populyar olmaq, tanınmaq, sevilmək demək deyil. Aparıcıların geyim məsələsi də ciddi problemdir. Hər verilişin özünə uyğun geyimi olmalıdır.

Cəmiyyətdə də hər yerin öz geyimi olmalıdır. Açıq-saçıqlığa gəldikdə isə, bunu müğənni edə bilər. Çünki səhnəyə çıxır, şou göstərir, obraz yaradır. Vallah bilmirəm, əgər o aparıcılar öz atalarının, qardaşlarının yanında elə açıq-saçıq gəzərlərsə, bəlkə ona görə çıxırlar. Bəlkə də mənim bu sözüm kiminsə xətrinə dəyə bilər. Efir qarşısında olmaz. Ola bilər, desinlər ki, bunu başqa ölkələrdə edirlər amma bizdə bu qəbul olunmursa, biz bunu niyə edək? Axı tamaşaçı istəmir!!! Biz Azərbaycanlı olduğumuzu qoruyub, saxlamağı bacarmalıyıq. Mənim azadlığım, başqasının azadlığı başlayan yerdə bitir. Mənim azadlığım kameranın o tərəfinə kimidir. Ondan sonra tamaşaçılar var. Necə biz onların azadlığını pozub, istəmədiyi şeyi onlara sırıya bilərik?!”

“Qardaşımın ölüm xəbərini çəkilişdən əvvəl eşitmişdim. Atam rəhmətə gedəndə də efir dönəmlərim idi. Belə şeylər efirdə təsir edir amma tamaşaçıya bunun aidiyyatı yoxdur sənin başına nə gəlib? Biz özümüzü toplayıb xəbəri çatdırmalıyıq. İşimizi görüb, öz əhval-ruhiyəmizi işimizə yansıtmamalıyıq. Üç qardaşımı xərçəng və qəza ucbatından itirmişəm. Mən evdə uşaqların ən kiçiyi idim. Böyük qardaşım məndən 11 yaş böyük idi. Oğlanların içində böyümüşəm, onlar qışda tətilə gələndə, quş ovlamağa gedirdilər. Evimizin arxasında qoruq var idi. Məni də özləri ilə aparırdılar, anam deyirdi, imkan verin bu qız xanım kimi böyüsün. Futbol oynayanda məni qapıya qoyurdular. Sonra böyüyürsın, çəhrayı eynəkləri çıxarırsan… Həyat dəyişdirir, yaxşını, pisi görürsən. Mənimçün həyat gözəl idi, həm də çox uzun müddət. Insanları tanımırdım. Ondan sonra başladım tanımağa, indi yaxşı tanıyıram!”

“Həyatda təcrübələr, insanları görürsən ki, kim necədir. Bütün bunlar səni dayanıqlı edir. Səhvlərdən qorxmaq, peşman olmaq lazım deyil. Onlar hamısı bizimdir. Yalnışlar olmasa, biz həyatı öyrənə bilmərik. Öyrənməliyik ki, yıxılanda ağıllı dura biləsən və bir də yıxılmayasan. Dayanıqlı olmaq xarakterə bağlıdır. Mən əqrəb bürcündənəm. Bu bürc altında doğulanlar iradəli, dözümlü olarlar. Irəli gedirlər. Mənim anam bəy qızı olub, qürurlu olub. Heç kimin qarşısında əyilməyib. Dürüst qadın olub. Onun xarakteri mənə də keçib. Mən də çox səhvlər etmişəm, amma hansısa olaya başıalovlu gedən deyiləm. Səhv edəndə onun yalnış olduğunu sonra dərk edirik. Həmin an üçün biz onu doğru bilirik və etməliyik. Insan səhv edəndə, özünü yeməməlidir. Nəticə çıxartmalısan. Şəmsi Təbrizinin sözü var. “Həyatının altı, üstünə gəldi deyə, əndişə etmə. Nə bilirsən, altının üstündən yaxşı olmadığına”. Heç nədən peşman deyiləm. Bu dünyada ölümdən başqa hər şey yalandır. Sevdiyin adam sənə göz yaşı verirsə, yanında deyilsə, deməli, sənə layiq deyilmiş. Ürəyə hökm eləmək olmaz deyirlər amma lazımdır. Ölümdən qorxmuram? Ölümdən qorxan insanlar günahkar olmalı insanlardır. Hər an hazır olmaq lazımdır. Bu dünyada elə yaşamaq lazımdır ki, gözə almalıyıq ölümdə nə ilə üzləşə bilərik?!”