2024-cü il fevralın 7-də ölkəmizdə keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş İlham Heydər oğlu Əliyevin seçkiqabağı təşviqat kampaniyası çərçivəsində yanvarın 23-də Naxçıvan şəhərində qadın seçicilərlə görüş keçirilib.
“Yeni Gundem” xəbər verir ki, görüşdə YAP Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli, partiyanın Mərkəzi Təşviqat Qrupunün üzvü, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva, təşviqat qrupunun üzvləri Naxçıvan MR Ali Məclisinin deputatı Yazgül Rzayeva və Ramil Orucəliyev çıxış ediblər. Qeyd olunub ki, Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin böyük ruh yüksəkliyi ilə Zəfər seçkisi adlandırdığı prezident seçkiləri xalqımız və dövlətimiz üçün mühüm siyasi hadisəyə çevriləcək. Ölkəmizin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyası Azərbaycan seçicilərinin böyük əksəriyyətinin iradəsini ifadə edərək, bu seçkiyə “Qalib xalqın qalib Lideri!” şüarı ilə gedir. Xalqımızın bütün zümrələri kimi qadınlarımız da eyni mövqedən çıxış edirlər. Hər bir kəs güclü Azərbaycan dövlətinin sarsılmaz bünövrəsini qoyan Ümummilli Lider Heydər Əliyevin dövlətçilik konsepsiyasını yeni dövrdə novatorcasına, operativ və məqsədyönlü şəkildə həyata keçirən cənab İlham Əliyevin dövlət başçısı olaraq 20 illik fəaliyyətinin real nəticələrini görür.
Natiqlər sonda qadınları seçkilərdə iştirak etməyə, Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevə səs verməyə çağırıblar.
Seçicilər də onların yeganə namizədinin cənab İlham Əliyev olduğunu, seçki günü mütəşəkkil şəkildə seçki məntəqələrinə gedərək Azərbaycan tarixinin ən böyük Zəfərini xalqımıza bəxş edən böyük Liderə səs verəcəklərini bildiriblər.
Qeyd edək ki, Naxçıvan şəhərində fərdi görüşlər də keçirilib.