Nəfəs məsuliyyətə cəlb olunacaq?backend

Müğənni Nəfəsin (Günel Məmmədova) “7 Canlı” verilişində  sükan arxasında kəmərdən istifadə etməməsi ilə bağlı açıqlaması müzakirə yaradıb.

İfaçının efirdə bu qayda pozuntusunu etiraf etməsi və daim belə halların təkrarlandığını bildirməsi tənqid edilib. Aparıcı Vüsalə Əlizadə dəfələrlə ifaçıya bunun qayda pozuntusu olduğunu, efirdə təbliğ etməməsini söyləsə də, o, maşın sürməyə başladığı vaxtdan bu səhvi etdiyini deyib.

Məsələ ilə bağlı olay-a açıqlama verən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli qeyd edib ki, təhlükəsizlik kəmərindən istifadə etməyən sürücü birmənalı şəkildə inzibati məsuliyyətə cəlb olunur:

“Avtomobil idarə edildiyi zaman təhlükəsizlik kəmərindən istifadə edilmirsə, sürücü inzibati məsuliyyətə cəlb olunacaq. Bu, birmənalıdır. Həmin şəxs bildirir ki, kəmərdən istifadə etmir. Lakin məsələ bununla yekunlaşmır. Gərək yolda bu fakt aşkarlansın və sözügedən şəxsin qayda pozuntusuna yol verməsi sübut olunsun.

Hər bir halda bunun reklam kimi efirdə səsləndirilməsi düzgün deyil. Çünki vətəndaşları qaydalara əməl etməyə səsləmək lazımdır. Bununla yanaşı, avtomobil idarə edərkən kəmərdən istifadə olunması sürücünün öz təhlükəsizliyi üçün vacibdir. Qayda pozuntusuna yol verməsi ilə bağlı faktın efirdə söhbət xatirinə səsləndirilməsi qınanılmalıdır. Heç olmasa verilişdə danışmasın ki, cəmiyyətə də bu qayda pozuntusunu təbliğ etməsin”.