Nərimanov parkındakı atraksionlar yığışdırılacaq? – RİH niyə susur?backend

Nərimanov rayonunun mərkəzi parkı hesab edilən Nəriman Nərimanov adına istirahət parkı 2023-cü ilin fevral ayından “əsaslı təmir” adı ilə vətəndaşların üzünə bağlıdır. Yəni 1 il 5 ay keməsinə baxmayaraq parkda tikinti işləri hələ də davam edir, daha doğrusu, hələ heç kim parkın ətrafında ucaldılan plakatların arxasında indiyə qədər hansı işlər görüldüyü barədə dəqiq məlumatlı deyil. Əslində, təmir başlayandan bəri parkda tək-tük, gözlə sayılacaq qədər çalışan fəhlə sayı şəhərin mərkəzi yerində işin indiyə kimi niyə bu qədər yubandığının cavabıdır. Ərazinin “blokada”ya alınması nəinki parkın içində, hətta ətrafında fəaliyyət göstərən iaşə obyektlərinin işinə əngəl törədir. Xüsusən, ərazidə avtobus dayanacaqlarının, metro çıxışının olduğunu nəzərə alsaq, hər gün yaranan xaosu göz önünə gətirmək elə də çətin deyil. Piyada səkilərinin yarıdan çoxunun təmir səbəbindən zəbt edilməsi də insanların rahat hərəkətinə maneədir. 

“Yeni Gundem” xəbər verir ki, 2023-cü ilin fevral ayında sözügedən parkın bağlanması ilə bağlı mətbuatda dərc edilən məlumatlara görə, abadlıq və təmir işləri Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilir.

Bildirilmişdi ki, təmir işləri çərçivəsində parkda tamet-daş üzlüklər dəyişəcək, müasir oturacaqlar quraşdırılacaq, fontan meydanı yenidən qurulacaq, yeni yaşıllıq sahələri yaradılacaq… Eyni zamanda planda parkın ərazisində yerləşən ictimai-iaşə obyektlərinin fasadlarının müasir üslubda təmiri, yeni işıq dirəkləri, eləcə də uşaqların, gənclərin, həmçinin yaşlı nəslin asudə vaxtlarının səmərəli, sağlam və əyləncəli keçirmələri üçün idman qurğularının quraşdırılması, uşaq meydançası və istirahət guşələrinin yaradılması da var.

Sadalananlar qulağa pis səslənmir. Necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun “Quran” olsa… Belə ki son aylar Nərimanov rayon sakinlərini narahat edən əsas məsələ parkda illərlə fəaliyyət göstərən atraksionların taleyidir. İddialara görə, əsaslı təmir işləri zamanı əvvəlki atraksionlar, uşaqların əyləncə yerləri yığışdırılacaq. Bu isə öz növbəsində Bakının müxtəlif yerlərindən Nərimanov rayon mərkəzi parkına əylənmək üçün gələn uşaqlar, yeniyetmələr və gənclər üçün məyusedici xəbər olub.

Nəzərə alaq ki, pandemiya zamanı qapanmalardan sonra Dənizkənarı Milli Parkdakı uşaqların sevimli atraksionları göz qırpında yoxa çıxdı və indiyə qədər heç bir xəbər yoxdur. Bu halda Nərimanov parkı ilə bağlı yayılan iddiaların doğru olduğu ehtimal edilir.

Biz də məsələni dəqiq araşdırmaq üçün parkın abadlıq və təmir işlərini üzərinə götürən Nərimanov Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq, lakin RİH sorğumuzu cavabsız qoydu.

Mövzunu davam etdirəcəyik…

Qeyd: Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayevdir.