Dünyanın ən böyük onlayn serial və film platforması olan “Netflix” son aylar Azərbaycanda populyar olmağa başlayıb.
“Yeni Gündəm” xəbər verir ki, onlayn proqramda öz istehsalı olan layihələrə maraq daha çoxdur. Elə bu səbəbdən “Netflix” 2018-ci ildə özəl seriallar üçün 12 milyard, 2019-cu ildə isə 15 milyard dollar xərcləyib.
Platformada yerləşdirilən ekran işlərinin reytinq nəticələrini açıqlamayan şirkət bəzi hallarda məlumatları izləyiciləri ilə bölüşür. Maraqlıdır ki, “Netlix”də “Youtube” sosial şəbəkəsindəki kimi hər videonu izləyən zaman baxış sayı artmır. Reytinqlər hesab sahibinin ekran işinin 70 faizini izlədikdən sonra müəyyənləşdirilir.
1997-ci ildən fəaliyət göstərən şirkət öz filiallarını qapalı olan Səudiyyə Ərəbistanı, hətta Pakistanda belə açıb. Lakin Suriya, İran, Çin, Şimali Koreyada şəbəkəyə giriş bloklanıb.
Bundan əlavə, tez-tez sosial şəbəkədə ““Netflix”də nə izləmək olar?” kimi suallara da rast gəlmək mümkündür.
“Qafqazinfo” oxucular üçün platformanın ən reytinqli ekran işlərini təqdim edir:
“The Haunting Of Hill House” (Təpədəki ev) adlı ekran işi qorxu janrında çəkildiyi üçün bir çox tamaşaçının ürəyinin getməsi və qusması ilə nəticələnib. Xəstəxanalardan verilən rəsmi məlumatlara əsasən, vətəndaşlar sözügedən seriala baxdıqdan sonra bu cür problemlə üzləşiblər. Lakin bu kimi mənfi hallar “Təpədəki Ev”in reytinqini daha da yüksəldib. Qeyd edək ki, layihə Shirley Jacksonun romanından ilhamlanaraq çəkilib.
“13 Reasons Why” ( Ölmək üçün 13 səbəb) ilk iki sezonunda böyük reytinqə sahib olub. “Netflix”in açıqlamasına əsasən, ekran işinin ikinci sezonunun birinci bölümü ilk 4 gündə 6, 1 milyon insan tərəfindən izlənilib. Hazırda serialın üçüncü sezonunun çəkilişləri davam edir.
80-ci illərdə zorlamada ittiham olan günahsız 5 zəncinin həyat hekayəsindən bəhs edən “When They See Us” ABŞ-da ən çox izlənən serial olub. Real həyatdan götürülən ekran işi 23 milyon baxış toplayıb. Serial elə səs-küy yaradıb ki, o dövrdə cinayət işi ilə məşğul olan prokuror Kolumbiya Hüquq Məktəbindəki işindən istefa etməyə məcbur olub.
Növbəti rekordlara imza atan serial isə “Stranger Things”dir. Ekran işinin ilk bölümü üç günə 15, 8 milyon baxış toplayıb. Layihənin hazırda 3-cü sezonu yayımlanıb və 40 milyondan çox izləyici toplayıb.
Azərbaycanda kifayət qədər populyar olan “Sex Education” serialının 8 seriyalıq ilk sezonu böyük uğura imza atıb. “Netflix”in açıqlamasına görə, ilk 4 həftədə 40 milyondan çox baxış toplayacığı ehtimal olunur. Bu səbəbdən ilk sezonun yayıma çıxmasından 20 gün sonra ikinci sezonun çəkilişlərinə başlanılması barədə göstəriş verilib. Hazırda ekran işinin üçüncü sezonunun çəkilişləri gedir.
Platformanın növbəti uğur qazanan serialı “You”dur. Ekran işi ilk 4 həftədə 40 milyon insan tərəfindən izlənilib.
İlk dəfə BBC-də yayımlanan 6 bölümlük “Bodyguard” mini serialı “Netflix” tərəfindən alınıb. Böyük Britaniyada populyar olan ekran işi “Netflix”dən sonra dünyaca məşhur bir seriala çevrilib. Layihənin sezon finalı 11 milyondan çox insan tərəfindən baxılıb.
İkinci sezonu 8,4 milyon izləyici tərəfindən baxılan “Unbreakable Kimmy Schmidt” adlı serial 2015-ci ildə premyerasından sonra platformanın ən uğurlu layihəsi hesab olunur. “Netflix” serialın motivləri əsasında yeni bir film üzərində çalışır.
Romantik komediya serialı olan “The Perfect Date” platformaya yerləşdirilən günün ilk dörd həftəsində 48 milyon baxış toplayıb.
Başqa bir romantik komediya olan “Always Be My Maybe” isə dörd gündə 38 milyon baxış toplayaraq adını uğurlu seriallar siyahısına daxil edib.
Seriallar qədər filmlərdə də uğur qazanılıb. Belə ki, Cennifer Enistonun baş qəhrəman kimi rol aldığı “Murder Mystery” təqdimatı zamanı 31 milyon abunəçi tərəfindən izlənilib. Layihə ilk 4 həftədə isə 73 milyon insan tərəfindən baxılıb.
Yeni təqdim olunan “The Umbrella Academy” serialı isə ilk günlər 45 milyon baxış toplayıb və bununla da ikinci sezonunun çəkilişlərinə zəmin yaradıb.
Azərbaycan tamaşaçıları tərəfindən bəyənilən “Elite” gənclik serialı İspaniya istehsalıdır. Birinci sezon ilk dörd həftədə 20 milyon abunəçi tərəfindən baxılıb. Ekran işinin növbəti sezonu 13 martda təqdim olunacaq.
Bundan əlavə, “BoJack Horseman”, “Making A Murderer”, “Our Planet”, “Bird Box”, “The Crown”, “Black Mirror”, “House Of Cards” kimi “Netflix” layihələri uğurlu ekran işləridir.