Bir çarpayıda qucaqlaşıb yatmaq romantik münasibətləri möhkəmlətsə də, ər-arvadın ayrılıqda səhhəti üçün zərərlidir.
Aparılan sorğular göstərib ki, hər 7 cütlükdən biri yoldaşı evdə olmayanda rahat yatır, hər 5 cütlükdən biri isə ayrı yatmağı düşünür, lakin deyə bilmir, çünki ailə həyatında çarpayı bir olmalıdır kimi ənənə var.
Bu istək heç də bir-birinə dözə bilməməsi yox, sadəcə yaxşı yatıb dincəlmək və yuxudan doymaq istəyidir.
Yuxu zamanı yatanın öz şəxsi sahəsi olmalıdır. Əgər onun yanında kimsə tərpənirsə, xoruldayırsa, xırıltılı nəfəs alırsa, çevrilirsə, vurnuxursa, gecəyarı yerindən qalxıb yenidən uzanırsa, bu artıq yatmış insanın yuxusunun pozulması deməkdir.
Belə olan halda nəinki ayrı çarpayı, hətta qalxıb başqa otağa keçmək istəyirsən.
Medicina.az xəbər verir ki, alimlər də ərindən, arvadından ayrı yatmaq istəyənləri başa düşür və dəstəkləyir. Çünki bu onların sağlamlığı, psixi durumu üçün çox vacibdir. Rahat yatmayan kişi səhər gərgin olacaq, işləri getməyəcək və təbii ki, belə olan halda ailəsi ilə davranışı da pis olacaq.
Məşhur yuxu üzrə alim Nil Stenli 35 ildir bu məsələ üzərində işləyir və bir çox boşanmaların səbəbinin elə ər-arvadın bir yerdə yatmasında görür. Ər-arvad yalnız cinsi münasibət zamanı bir çarpayıda yata bilərlər. Hər gün cinsi əlaqədə olan kişi isə çox azdır. Ona görə qalan vaxtlarda ayrı yataqlarda yatmaq lazımdır.
Stenli 2007-ci ildə maraqlı bir təcrübə aparıblar. 15 cütlüyün qoluna yatanda electron brasletlər taxaraq, onların yuxuda davranışını izləyiblər. Məlum olub ki, cütlükdən biri yerində çönəndə bir neçə saniyə sonra o biri də çönüb.
“Bu onu göstərir ki, yuxusuzluq və yuxu ilə bağlı problemlərin 3-də birində partnyorlar günahkardır. Gələcəkdə bu sağlıq və psixikada problemlərə, ordan da münasibətlərə mənfi təsirini göstərəcək”.
Almaniyada aparılan bir araşdırma isə göstərib ki, yuxusuzluqdan əziyyət çəkənlər arasında boşananlar çoxdur. Uzun müddət narahat yatmaq II tip diabet, depressiya, demensiyaya səbəb olur.